Gömrük Komitəsini İqtisadiyyat Nazirliyinin tabeliyinə vermək istəyirlər - Vahid Əhmədov
"Gömrük Komitəsini İqtisadiyyat Nazirliyinin tabeliyinə vermək istəyirlər. Çünki faktiki olaraq istər Dövlət Vergi Xidməti olsun, istər Gömrük Komitəsi olsun, iqtisadiyyatla əlaqədə olduğu üçün İqtisadiyyat Nazirliyinin tərkibində xidmət yaratmaq mümkün olar".
Bu fikirləri Redaktor.az-a açıqlamasında keçmiş millət vəkili Vahid Əhmədov Dövlət Gömrük Komitəsi ilə Dövlət Vergi Xidmətinin birləşdirilməsi versiyasını dəyərləndirərkən deyib.
İqtisadçı hesab edir ki, bu qurumların birləşdirilməsi düzgün deyil:
"Çünki hər birinin ayrı-ayrı funksiyaları var, orada kifayət qədər böyük işlər görülür. Amma İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməsi məsələsinə baxıla bilər. Faktiki olaraq İqtisadiyyat Nazirliyi bütün bu göstəriciləri əhatə edir və istər gömrük ilə, istər vergi ilə əlaqəli məsələlərin hamısının son nəticəsi İqtisadiyyat Nazirliyinin hesabatı səviyyəsində bilinir. Ölkənin ümumdaxili məhsulunun hesabatı İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. O cümlədən də vergilər, rüsumlarla bağlı yekun qərarı onsuz da İqtisadiyyat Nazirliyi verir. Ona görə bu variant ola bilər. Amma bu qurumların birləşdirilməsini müsbət hesab etmirəm".
Sevinc İBRAHİMZADƏ