Qızıl bazarında ALICI QITLIĞI - Qiymətlər niyə ARTIB?
Son aylar dünya bazarında qızılın qiymətində artımlar baş verir. Bəs Azərbaycanda qızıl bazarında qiymətlər necə dəyişib?
Mövzu ilə bağlı qızıl mağazalarından birinin sahibkarı Nadir Ağaverdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, qızılın pik həddi ABŞ-də prezident seçkilərinə qədər idi:
"Bir il ərzində qızıl 27 dollar bahalaşıb, Donald Tramp seçiləndən sonra isə 4-5 dollar düşdü. Amma bu gün yenə pikə doğru gedir. Qiymətin bahalaşması, əlbəttə qızıl bazarına mənfi təsir edir. Qiymət yüksəldikcə alıcı qüvvəsi aşağı düşür. Bu ay hələ ki, son 6 ayın ən az alıcı olan ayıdır. Ehtimal edirik ki, ay sonu bayrama görə hərəkətlilik ola bilər".
N.Ağaverdiyev hazırda qızılın bir qramının neçəyə satıldığını da açıqladı:
"585 əyar Türkiyə qızılının bir qramı 115 manatdan, 750 əyar İtaliya qızılının bir qramı isə 148 manatdan başlayır. Qeyd edim ki, bunlar sırf xaricdən gələn modellərdir".
Sevinc İBRAHİMZADƏ