Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

 12:46 11.12.2024     289

Cari ilin noyabr ayında əvvəlki aya nisbətən qida məhsullarında daha çox bahalaşma uzun düyünün, yulaf yarmasının, mal ətinin, balıq konservlərinin, qatığın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın qiymətlərində müşahidə olunub.

Bu barədə Redaktor.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, ucuzlaşma təzə balığın, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub.

Bildirilib ki, 2024-cü ilin noyabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,5 faiz təşkil etmişdir. Noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma geyimlərin, inşaat materiallarının, mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə mobil telefon, noutbuk və məişət cihazlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2024-cü ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,8 faiz təşkil etmişdir. Noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibbi laboratoriya xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.