Kərə yağı yenə BAHALAŞACAQ - SƏBƏB

 14:41 12.12.2024     421

"Son aylar ölkəyə idxal olunan bütün ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir. Kərə yağı isə ölkəyə idxal olunan ərzaq məhsulları sırasında ən mühüm məhsul növünü təşkil edir. Çünki ölkəmiz kərə yağı ilə daxili tələbatı öz istehsalımız hesabına ödəmək gücündə deyil və kərə yağı ölkəyə idxal olunmasa, daxili bazarda tələbi ödəmək mümkün deyil".

Bu barədə iqtisadçı ekspert Pərviz Heydərov Redaktor.az-a açıqlamasında hazırda ölkəmizdə kərə yağının qiymətinin qalxması barədə danışarkən bildirdi.

O, qiymət artımının səbəblərini açıqladı:

"Kərə yağı bütün dünya bazarlarında bir neçə müddətdir ki, bahalaşmaqdadır. Yəni qiymətlər qalxır və bu da adekvat olaraq təbii ki, bizim daxili bazarda özünü göstərir. Əsas səbəblər daxili bazarın kərə yağının idxalı üzrə asılı vəziyyətdə olması, son aylar ərzaq məhsullarının qiymətlərinin qalxması və dünya bazarlarında kərə yağı məhsulunun bahalaşmasıdır.

Pərviz Heydərov. Oxu.az Saytında Pərviz Heydərov mövzusunda son xəbərlər -  Oxu.az

Hətta mən bu barədə ilin ortasında söyləmişdim ki, cari ilin sonunda bir sıra ərzaq məhsullarının qiymətlərinin daha yüksək tempdə qalxacağı gözlənilir. Bu da həm həmin məhsullardan daxili bazarda getdikcə asılılığının artması ilə, həm də həmin məhsulların dünya bazarının özündə qiymətinin bahalaşması ilə nəticələnəcək. Bu, çox ciddi bir tendensiyadır və bunu nəzarətsiz buraxmaq olmaz. Qısa müddət ərzində bu prosesin qarşısını almaq isə qeyri-mümkün sayılır".

Pərviz Heydərovun sözlərinə görə, kərə yağının qiyməti hələ bir müddət də bahalaşmağa davam edəcək:

"Bu sahədə idxalda rəqabət şəraitinin yaradılmasına imkan vermək lazımdır ki, qiymətlər çox yüksəlməsin, həm də gələcəkdə kərə yağı sahəsində yerli istehsalın genişləndirilməsinin qayğısına qalmaq lazımdır".

Sevinc İBRAHİMZADƏ