"Avropada qazın bahalaşmasının ölkəmizdəki tariflərə heç bir aidiyyəti yoxdur" - AÇIQLAMA

 12:57 16.12.2024     130

Avropada gələn il təbii qazın qiyməti 12% artaraq 1 MVt/saat üçün 38,8 avro olacaq. 

Bəs bu bahalaşmanın Azərbayanda qaz qiymətlərinə hər hansısa təsiri ola bilər?

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Fuad İbrahimov Redaktor.az-a açıqlamasında bildirdi ki, verilən proqnoz dəqiq deyil, çünki il ərzində orta qiymət müəyyənləşir və təxmini artım ehtimal olunur:

"Ümumiyyətlə, qaz qiymətində kifayət qədər süni köpüklənmə var idi. Bahalaşmışdı, sonra olduqca ucuzlaşma baş verdi. Qiymətlər hazırda tənzimlənir. Azərbaycan isə qaz hasilatıyla, qazın ixracı ilə məşğul olan bir dövlətdir. Avropa əgər bunu idxal edirsə, biz qazı ixrac edirik".

İqtisadçı qeyd etdi ki, Tarif Şurası yenidən qiymətlərə baxa bilər:

"Bizdə qiymətləri Tarif Şurası müəyyən edir və istisna olunmur ki, Tarif Şurası yenidən qiymətlərə baxa bilər. Ancaq Avropa birjalarında qazın qiymətinin artmasının və yaxud Avropanın istehlak bazarında orta qiymətin bahalaşmasının ölkəmizdəki tariflərə heç bir aidiyyəti yoxdur".

Sevinc İBRAHİMZADƏ