Balın qiyməti qalxacaq? - AÇIQLAMA

 16:05 16.12.2024     110

Göyçayın arıçılıq təsərrüfatlarında peydə olan zərərverici həşəratlar yeşiklərin nəfəsliyindən daxil olaraq bal arılarını məhv edir. Arıçılar bildirirlər ki, payız və qış mövsümünə uyğun olaraq müalicə və xəstəliklərə qarşı lazımi tədbirləri görsələr də, arıların sayı kəskin şəkildə azalır. Bu da məhsulun azalmasına səbəb olur. 

Bəs bunun nəticəsində balın qiymətində artım baş verə bilərmi?

Mövzu ilə əlaqədar Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov Redaktor.az-a açıqlamasında bildirdi ki, arıçılıqda daim payız-qış itkiləri olur:

"Ümumiyyətlə, arıçılıqda 10 faizə qədər arı itkisi varsa, bu, təbii sayılır. Amma elə illər olur ki, müxtəlif xəstəliklərdən, belə ziyanverici həşəratların hücumundan asılı olaraq itki daha çox olur. Ancaq erkən yaza çıxan kimi arıçılar bu boşluğu tez zamanda yerini doldura bilirlər. Müasir arıçılıqda arı ailələrinin sayını sürətlə çoxaltmaq mümkündür. Bu səbəbdən hələ ki, belə bir problem yaşamamışıq".

Sədrin sözlərinə görə, öılkədə 750 minə yaxın arı ailəsi var və bu rəqəm tez-tez dəyişir:

"Məsələn, üzü payıza gedəndə 800 minə yaxınlaşırdı. İndi 750 min, statistikada isə 720 mindir. Ancaq bu, balın qiymətinə təsir etməyəcək. Hətta elə illər olub ki, heç məhsul olmayıb. 20-30 ildən bir belə illərə təsadüf edirik. O ildə belə balın qiyməti dəyişməyib. Ona görə də narahat olmağa dəyməz. Bundan 5-6 il əvvəl balı 20-25 manata almaq olurdusa, indi 25-30 manata almaq olur. Bu da bütün qiymətlərdəki təbii artımla bağlıdır".

Sevinc İBRAHİMZADƏ