Azərbaycanda virtual sərvətlər üçün bank YARADILACAQ? - AÇIQLAMA

 16:21 19.12.2024     110

"Azərbaycanda kriptovalyuta bankı və bunun kimi məsələlər üçün hələ çox tezdir. Bunların reallıqda ənənəvi maliyyə alətlərindən üstünlüyü hələ müzakirə mövzusudur".

Bu sözləri iqtisadçı ekspert Əli Əhmədov Redaktor.az-a açıqlamasında Azərbaycanda kriptovalyuta bankının açılması ilə bağlı danışarkən bildirdi.

O, blokçeyn texnologiyasının üstünlüyünü misal göstərdi:

"Orada məlumatların mərkəzləşmiş qaydada yox, fərqli sistemlə saxlanması, onların daha etibarlı qorunmasına, dəyişdirilmədən saxlanmasına kömək edir, məlumatların saxtalaşdırılmasının qarşısını alır. Blokçeyn texnologiyasının üstünlüyü fintex sistemlərində özünü təsdiqləyib. Sırf kriptovalyutalarına gəlincə, bu dəqiqə kriptovalyuta alıcılarının 99 faizi onu ancaq investisiya məqsədilə alır. Bitkoini alıb haradasa istifadə etmək olduqca çətindir. Ödəniş kimi göndərmək olur. Amma əlavə xüsusi bir üstünlüyü yoxdur".

BOKT-lara artan MARAQ: “Azərbaycanda çox az maliyyə qurumunun kredit  portfeli…” – Yeni Çağ Media

İqtisasdçının sözlərinə görə, digər məsələ məlumatların gizli saxlanmasıdır:

"Məsələn, bitkoində məlumatları gizli olaraq göndərmək olar, amma bilmək olmaz ki, bu yaxşı cəhətdir, yoxsa pis. Çünki indi şantaj xarakterli bəzi məsələlərdə də daha çox bitkoindən istifadə edirlər. Kimsə şantajla pul tələb edirsə, ona pulu bankla köçürəndə hesab sahibi bilinir. Yəni hüquq-mühafizə orqanlarına müraciət edəndə hesabların kimə məxsus olduğunu demək olur. Ona görə son vaxtlar hamısı kripto cüzdanlara pul keçirirlər ki, iz itirmək mümkün olsun. Hər nə qədər gözəl görünsə də, kriptovalyutalarla bağlı hələ müzakirə olunası çox ciddi problemlər var. Hazırda daha çox onun praktiki istifadəsi investisiyaya görədir ki, nə vaxtsa bunun qiyməti arta bilər".

Ə.Əhmədov qeyd etdi ki, Azərbaycanda kriptovalyuta bankının yaradılmasının vaxtı deyil:

"Ümumiyyətlə, təkcə kriptovalyutaya əsaslanan bank nə bizim qanunvericilikə nəzərdə tutulub, nə də məsələ o həddə qədər inkişaf edib ki, bizim qanunvericilikdə bununla bağlı dəyişiklik olunsun. Sadəcə olaraq hansısa banklar ola bilər ki, gələcəkdə virtual sərvətlər - kriptovalyuta ilə bağlı pilot qaydada, yəni sınaq qaydasında ya lisenziya, ya da yeni məhsul hazırlasın və Mərkəzi Bank da baxsın ki, bu məhsul olur, yaxud olmur. Ancaq buna hələ bəlkə 10 ildən çox vaxt var".

Sevinc İBRAHİMZADƏ