"Bəzi ölkələr dünəndən razıdırlar ki, gəlib bizdə həmin obyekti tiksinlər" - Emin Qəribli
"Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün həmin sahənin mütəxəssislərindən, xammaldan asılıdır. Bunu da bazar müəyyən edir. Sovet dövrü deyil ki, biz sifariş edək ki, bu sahə inkişaf etsin. Ölkədə artıq bir neçə sahələr seçilib. Məsələn, alternativ enerji sahəsidir ki, günümüzdə dünya üzrə perspektivli sahələrdəndir".
Bu fikirləri Redaktor.az-a iqtisadçı ekspert Emin Qəribli qeyri-neft sektorun sahələrinin inkişafı ilə bağlı danışarkən bildirdi:
"Bizim ərazimizdən nəqliyyat dəhlizi keçir. Görürük ki, neft, kimya sahələri açılır, azad iqtisadi zonalar açılır. Hesab edirəm ki, hansısa zavodun açılması üçün müvafiq şərait yaradılmalıdır. Açıq iqtisadi zonaların sayını artırmaq, bu sahədə ayrı-ayrı vergilərin yükünü azaltmaqla biz daha çox nəticə əldə edə bilərik. Əsas odur ki, hansısa sahənin ixracatı üçün güzəştlər, referensiyalar, subsidiyalar verilsin, o zaman istənilən sahə inkişaf edə bilər".
İqtisadçı Prezident İlham Əliyevin nüvə enerjisi sahəsindəki çıxışına da toxundu:
"Cənab prezident dəqiqlikə izah etdi ki, nüvə enerjisinin yaranmasında dövlətin rolu kifayət qədər çoxdur. Yəni bu obyektin açılması o deməkdir ki, bir sənaye sahəsi formalaşacaq, bu sahədə mütəxəssislər hazırlanacaq və ən əsası da bu sahə müasir dövrün tələblərinə, trendlərinə cavab verir. Bir çox sahələrdə zavodlar açıla bilər ki, tutalım 3 ildən sonra ona tələbat olmayacaq. Prezident dedi ki, bizim enerjimiz çox olsa da, bu məsələyə baxırıq və gələcəkdə də bu sahədə ixtisaslaşmaq istəyirik. Bunu dövlət həyata keçirə bilər. Çünki çox bahalı bir layihədir, belə layihələrə sahibkarlar getmirlər. Amma yenə də bəzi ölkələr var ki, dünəndən razıdırlar ki, gəlib bizdə həmin obyekti tiksinlər. Yaşıl enerji sahəsi buna misaldır. Amma yenə də burada dövlətin qayğısına, qərar qəbul olunmasına, beynəlxalq təşkilatlarla danışılmasına ehtiyac var".
Emin Qəribli hesab edir ki, nüvə ancaq enerji demək deyil.
"Bir çox sahələr var ki, məsələn, formaseptika sahəsində, hətta spirtli içkilərin istehsalında və s. nüvə texnologiyalardan istifadə olunur. Ona görə də bu, baza sahədir və inkişaf olunmasında dövlətin roluna ehtiyac var. Yəni bu, konkret bir zavod deyil, daha çox burada hansısa istehsal və ya sənaye sahəsinin formalaşdırılması üçün baza elementləridir və bunu da dövlət həyata keçirəcəkdir", - deyə ekspert vurğuladı.
Sevinc İBRAHİMZADƏ