"Subsidiyalar kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək" - Komitə sədri
Xəbər verildiyi kimi, Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə və camış balasına görə subsidiya veriləcək. Bu barədə Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana görə, doğulan hər bir sağlam balağa (camış balasına) görə fermerlərə 100 manat məbləğində maddi yardım veriləcək.
Bu fərman aqrar sahənin, regionların iqtisadi inkişafına necə təsir edəcək?
Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Redaktor.az-a açıqlamasında bildirdi ki, bu kimi subsidiyalar kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək.
"Kənd təsərrüfatında hər hansı bir sahəyə verilən subsidiya, əlavə maliyyə vəsaitləri, sözsüz, aqrar sektorun inkişafına xidmət edir, sahibkarlığın genişlənməsi üçün çox vacibdir. Bu gün də heyvandarlığın inkişafı diqqət mərkəzindədir. Buna görə də bu sahədə müəyyən tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Azərbaycanda son illər kənd təsərrüfatı məhsulları istehsalı, xüsusilə heyvandarlıq məhsulllarının istehsalında müəyyən uğurlar əldə olunub. Sözsüz ki, bu da tətbiq olunan maliyyə vəsaitlərinin diqqətin və qayğının nəticəsidir".
Komitə sədrinin sözlərinə görə, belə təşəbbüslər yalnız kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla kifayətlənməyəcək, həm də ölkədə iqtisadiyyatın regional inkişafına müsbət təsir göstərəcək.
"Subsidiyanın verilməsi nəinki heyvandarlıq sahəsində, xüsusilə taxılçılıqda mühüm rola malikdir və hökumətin də bu istiqamətdə həyata keçirdiyi tədbirlər sahibkarlar tərəfindən yüksək qiymətləndirilir. Bu tədbirlər ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir və təqdirəlayiq hesab olunmalıdır. Yeni subsidiyalar fermerlərin maddi vəziyyətini yaxşılaşdıracaq, heyvandarlıq və əkinçilik sahələrində məhsuldarlığı artıracaq və regionlarda dayanıqlı inkişafı dəstəkləyəcək", - deyə Tahir Rzayev bildirdi.
Türkan İSGƏNDƏRLİ