Azərbaycanda yeni nəsil elektrik mühərrikli avtobuslar istehsal olunacaq - AÇIQLAMA

 17:22 25.12.2024     151

Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı gələn il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad edilib.

Bəs Azərbaycanda avtobus istehsalı ilə bağlı vəziyyət nə yerdədir?

Bu barədə Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, bundan sonra Azərbaycanda yeni nəsil elektrik mühərrikli avtobuslar istehsal olunacaq:

"Çinin BYD şirkəti Azərbaycan şirkətləri ilə müqavilələr imzalayıb. Artıq gələn ildən zavodun tikintisi, fəaliyyəti ilə bağlı müəyyən işlər görüləcək və daha sonra Azərbaycanda bu avtobuslardan istehsal olunacaq".

Nəqliyyat eksperti İlqar Hüseynli isə bildirdi ki, Azərbaycanda yerli avtobusların satış və ehtiyat hissələrinin gömrük rüsumundan azad olunması ona görə tətbiq olunur ki, o, ölkədə istehsal olunacaq:

"İstehsal xərclərini minimuma endirmək üçün bu vacib bir amildir. Bu, istehsal üçün nəzərdə tutulan ehtiyat hissələrinin, müxtəlif texniki hissələrinin Azərbaycana gətirilən zaman qiymətinin əlçatan olduğunu təmin etmək məqsədi daşıyır. Hələ ki, biz kütləvi şəkildə yerli istehsal və onun istismara buraxıldığının şahidi olmamışıq və bu barədə fikir söyləmək çətindir ki, hansı ölkələrə satılır, nə qədər istehsal olunub. Bunları analiz etmək üçün gərək istehsal kütləviləşsin və daxili bazarın - Azərbaycanın öz ehtiyaclarını təmin etsin. Biz onun hansı marşrutlarda, hansı xətlərdə istifadəsi, ümumi dizaynı və özü haqqında ətraflı təsəvvür aldıqdan sonra beynəlxalq bazara uyğunlaşacağı barədə danışa bilərik".

Sevinc İBRAHİMZADƏ