Bu dövlətlərlə əməkdaşlıq bizi qlobal risklərdən qurtaracaq - Ziyad Səmədzadədən AÇIQLAMA
"Azərbaycanın beynəlxalq səviyyədə daha güclü və təsirli mövqe tutması, həm ölkənin iqtisadiyyatına, həm də regional və qlobal müstəvidə daha geniş imkanlar yaratmaq məqsədini daşıyır. Bu inkişaf Azərbaycan üçün iqtisadiyyatın diversifikasiyasına və yeni bazarlara çıxış imkanı yaradacaq".
Bu sözləri Redaktor.az-a alim, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə Azərbaycanın D-8-ə üzv olmasını şərh edərkən dedi. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq əməkdaşlıqda fəal iştirak edir və dünya üzrə 150-dən çox ölkə ilə ticarət və iqtisadi əlaqələr qurur.
"Azərbaycan dinamik inkişaf edən qalib ölkədir. Azərbaycanı dünyada tanıyanların sayı ildən-ilə artır. Bu da cənab prezidentin apardığı çox uğurlu müstəqil siyasətinin nəticəsidir. Azərbaycan dövləti beynəlxalq əməkdaşlıqda fəal iştirak edir. Dünyanın 150-dən çox ölkəsi ilə ticarət, iqtisadi əlaqələri vardır. Bu əlaqələrin strukturu ildən ilə təkmilləşib, dinamikasında müsbət meyillər güclənir. Yeni bir təşkilata üzv olması isə İslam dünyasının, bütövlükdə Şərqlə Qərb arasındakı boşluqları doldurmaq üçün bir vasitədir. Azərbaycan COP29-a sahiblik etdi, Qoşulmama Hərəkatına sədrlik etdi. Bu kimi təşkilatlara Azərbaycanın sədrlik etməsi, eyni zamanda Azərbaycanın ildən-ilə artan nüfuzunu göstərir. Mən əminəm ki, bu təşkilata daxil olmağımız Azərbaycanın iqtisadi inkişaf imkanlarını genişləndirəcək, bizim iqtisadi əlaqələrimizin coğrafiyasına öz müsbət təsirini göstərəcək".
Deputat Azərbaycanın ticarət və iqtisadi əlaqələrinin 90-cı illərdən əvvəlki dövrü ilə müqayisədə köklü şəkildə dəyişdiyini bildirdi.
"Ümumiyyətlə, Azərbaycanın müstəqillik illərində iqtisadi əlaqələrinin coğrafiyası köklü dərəcədə dəyişib. Əgər biz 90-cı illərə qədər əsas müttəfiq kimi iqtisadi əlaqələrimizin xeyli hissəsi SSRİ-nin, ona daxil olan respublikaların payına düşürdüsə, bu gün bizim əlaqələrimizin strukturunda həm Şərq ölkələri, həm Qərb ölkələri öz rolunu artırır. Ən vacib nəticələrdən biri ondan ibarətdir ki, Azərbaycanın türkdilli dövlətlərlə əməkdaşlığı genişlənir. D-8-in strukturunda elə ölkələr var ki, onların iqtisadi potensialı güclüdür. Türkiyə, Səudiyyə Ərəbistanı, Qatar həmin dövlətlərdəndir. Bizim onlarla əməkdaşlığımızın inkişafı heç şübhəsiz ki, öz müsbət təsirini göstərəcək və bizi qlobal risklərdən qurtaracaq. Çünki qloballaşmanın müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri də vardır. Azərbaycanın potensial imkanlarının haqsız rəqabətdən qorumaq imkanları genişlənir. Bir var ki, bir mərkəzdən Azərbaycana təzyiqlər artır, amma indi Azərbaycan bu təzyiqlərdən qorunmaq üçün əlaqələrinin coğrafiyasını genişləndirir, regional əməkdaşlığa üstünlük verir. Mən əminəm ki, qarşıdakı dövrdə bu struktura daxil olmaq nəticəsində Azərbaycanın iqtisadi əlaqələrinin coğrafiyasında xeyli dəyişikliklər əmələ gələcək", - deyə Z.Səmədzadə bildirdi.
Türkan İSGƏNDƏRLİ