Azərbaycanda göyərti BAHALAŞDI

 16:03 11.01.2025     84

Son zamanlar bazarlarda göyərti çeşidlərinin azaldığı nəzərə çarpır. Üstəlik, qiymətlər əvvəllər dəstəyə görə 15-20 qəpik arası olsa da, indi 23-25 qəpikdir.

Redaktor.az xəbər verir ki, bu barədə "Kaspi" qəzetində dərc edilən məqalədə bildirilib.

Qeyd olunur ki, qiymət artımı ilə yanaşı, göyərti dəstələrinin ölçüsü də kiçilib. Artıq bir dəstədəki göyərti sayı bəzən bir neçə saplaqla məhdudlaşır. Bunu əsasən reyhan və göy soğanlarda daha çox müşahidə etmək mümkündür.

İqtisadçı Pərviz Heydərov hazırkı problemin səbəbini bütün təsərrüfatların istixana şəraitində ola bilməməsində görür:

“Göyərti əkinləri əsasən fərdi təsərrüfatlarda olur. O səbəbdən onlara nəzarət olunmasını düzgün hesab etmirəm. Göyərti haqqında danışdıqda mövsümü də nəzərə almalıyıq. Çünki fərdi təsərrüfatların heç də hamısında soyuq və şaxtalı havada göyərti yetişdirmək mümkün deyil. İstixana formasında yetişdirmək də elə asan olmur. Qış mövsümündə məhsulların keyfiyyətinin aşağı olması, qiymətinin yüksəlməsi təbii qəbul olunmalıdır. Amma keyfiyyəti aşağı düşən sadəcə göyərti deyil. Bu tendensiya digər kənd təsərrüfatı məhsullarında da müşahidə edilir”.