Kartdan karta ödəniş zamanı komissiya niyə çox çıxır? - AÇIQLAMA
Kartdan karta ödəniş üsulu demək olar ki, həyatımızın bir hissəsinə çevrilib. Lakin insanlar bu zaman çıxılan komissiya faizlərindən şikayətçidir.
Bəs komissiya faizlərinin yüksək olmasının səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirdi ki, ümumiyyətlə kart əməliyyatları banklar arasında həyata keçirilən tranzaksiya növüdür və xərcli prosesdir:
“Banklar bu proses zamanı həm daxili həm də xarici faktorların yaratdığı xərclərlə üzləşirlər. Birinci buna sərf olunan əmək resursu, ikinci isə tranzaksiyaların həyata keçirilməsi məqsədilə istifadə olunan xidmətlər aiddir. Bu xidmətlər Azərbaycanda Visa və MasterCard tərəfindən təklif olunur. Banklar öz müştərilərinə münasibətdə kart əməliyyatlarını xərcsiz təklif edirlər və bu zaman yaranmış müvafiq xərc yükünü digər məhsullara, o cümlədən digər banklar arasında kart əməliyyatlarının transformasiyasında müşahidə edirik".
İqtisadçının sözlərinə görə, banklar öz siyasətlərindən asılı olaraq faiz müəyyən edir.
“Sərbəst, azad, liberal bazardır. Banklar öz siyasətlərindən, bu istiqamətdəki strateji inkişaf planlarından asılı olaraq güzəştli və ya daha yüksək qiymətlərlə kart əməliyyatları üçün faizlər müəyyən etmiş olurlar. Banklar kommersiya müəssisələri olaraq əsas qərar qəbul edən tərəflərdi. Banklar nə qədər böyük müştəriyə xidmət göstərirsə, xarici təchizatçılardan alınan xidmətlərin qiyməti də o qədər daha aşağı qiymətə gəlir və belə olduğu halda banka imkan yaranır ki, daha aşağı faizlərlə müştərilərinə təklif edə bilsin", - deyə R.Həsənov bildirdi.
Bənövşə HƏSƏN