"Paytaxta daha böyük axına hazır olmalıyıq" - İqtisadçı ekspert
"Bina evində mənzillərin sağında, solunda, altında, üstündə digər mənzillər olan və qışı sərt olmayan Bakı şəhərində 1000 manat əmək haqqı alan insanla, ucqar kənddə 400 manat alan və 10 dərəcə şaxtada yaşayan, evinin divarlarından buz sallanan kəndliyə qaz satış qiymətlərini eyni etmək doğru deyil. Aydındır ki, texniki olaraq diferensiasiya sadə proses deyil. Amma mümkündür və çox lazımdır".
Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib:
"Eyni zamanda internet qiymətlərində də bu yanaşma mütləqdir. Evlərdə ortalama internet qiyməti minimum əmək haqqının 7%-nə çatır. Halbuki bu göstərici əksər ölkələrdə 2-3% ətrafında dəyişir.
Şaxtalı-sazaqlı kənddə yaşayan Əhməd ilə paytaxtın mərkəzində mülayim şəraitdə, binada yaşayan Məmməd eyni qaz pulu və eyni internet pulu verirsə və digər ödənişləri eynidirsə, iş yerlərinin də 80%-i Bakıda açılırsa, onda onu kənddən çıxıb Bakıya can atmasına görə necə qınamaq olar?
Əvvəllər kəndlərin bir üstünlükləri olurdu, şəhərlərin bir ayrı. Buna görə də insanlar bu üstünlüklərə görə bəziləri kəndi, bəziləri də şəhəri seçirdi. Amma indi kəndin heç bir üstünlüyünü saxlamamışıq. Buna görə də biz paytaxta daha böyük axına hazır olmalıyıq".