İlham Əliyev qəbul keçirdi - FOTO - Yenilənib

 14:49 27.01.2025     247

Azərbaycan Prezidenti İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib.

Redaktor.az xəbər verir ki, Dövlət başçısı Azərbaycanda tarixən olduğu kimi bu gün də müxtəlif dinlərin və konfessiyaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dostluq, əmin-amanlıq və harmoniya şəraitində yaşadıqlarını vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, bu, xalqımızın həyat tərzi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan öz təcrübəsindən çıxış edərək dünya səviyyəsində də dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır, bundan sonra da öz töhfəsini verməkdə davam edəcək.

Qonaqlar Azərbaycanda tarixən yəhudi icmasının nümayəndələrinin dinc şəraitdə yaşamaları üçün yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Onlar ölkəmizə səfər çərçivəsində, həmçinin Quba rayonuna da gedəcəklərini və oradakı yəhudi icmasının yaşayış şəraiti ilə yerində tanış olacaqlarını deyiblər.

Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etdiklərini vurğulayan qonaqlar həmin ərazilərimizdə qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işlərinin onlara böyük təəssüratlar bağışladığını qeyd ediblər.

Bu səfər çərçivəsində dünyanın müxtəlif ölkələrindən çoxsaylı yəhudi iş adamlarının ölkəmizə gəldiyini deyən qonaqlar Azərbaycanın biznes və investisiya üçün cəlbedici ölkə olduğunu vurğulayaraq, bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüşdə Azərbaycan-İsrail və Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.