"İnsanların qoyun saxlamaq imkanları məhdudlaşır" - Ekspertdən AÇIQLAMA
Azərbaycana digər dövlətlərdən, xüsusilə də Monqolustandan qoyun əti idxalında artım müşahidə olunur. Təkcə ötən ilin yanvar-noyabr ayları ərzində 1 milyon 564 min ABŞ dolları dəyərində 391 ton qoyun əti idxal edilib.
Bu artıma səbəb nədir və keyfiyyəti necə qiymətləndirilir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, ətlərin keyfiyyəti standartlara uyğundur:
"Bu ətlər dondurulmuşdur və ölkəyə yoxlanıldıqdan sonra buraxılır. Monqolustan qoyunçuluqda, adambaşına qoyun sayına görə üzrə dünyanın dünyada birinci yerdədir. Monqolustanın cəmi iki-üç milyon əhalisi var. Ərazisinə görə dünyanın ən böyük ölkələrindən biridir, boş sahələri var. Qoyunçuluqla dərindən məşğul olublar. Ona görə də daha ucuz ixrac edə bilirlər. Azərbaycanda qoyun ətinin qiyməti 20 manatın üzərindədir. Əgər 2016-2017-ci ildə 8.7 milyon baş qoyun saxlayırdıqsa, hazırda 7.8 milyon başa düşüb. Yəni insanların qoyun saxlamaq imkanları məhdudlaşır və qoyun saxlamaq istəmirlər".
İqtisadçının sözlərinə görə, ölkəmizə ət idxalı olmazsa, qiymətdə artım baş verə bilər.
"Ölkədə qoyun sayı aşağı düşüb. Qoyun qiymətləri artır və buna görə də idxal stimullaşır. Əgər idxal olunmasa, ümumiyyətlə qoyun qiymətləri daha da baha olar. Azərbaycan diri qoyunu Gürcüstandan, Dağıstandan idxal edir, dondurulmuş qoyunu da indi Monqolustandan və digər uzaq ölkələrdən idxal edirlər. İdxal qiymətləri bir az aşağı dartır. Eyni zamanda əhalinin ət kəsimi statistikasına baxdıqda, 20 faizə qədər artım var. Buradan da görsənir ki, insanlar artdıqca, tələbat da artır", - deyə Xalid Kərimli vurğuladı.
Türkan İSGƏNDƏRLİ