Tatarıstan şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edildi
Azərbaycan Tatarıstan ilə ticarət əlaqələrinin daha da gücləndirilməsi, birgə istehsalın təşkili, kiçik və orta biznes sahəsində potensial imkanlar müzakirə olunub.
Redaktor.az xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə keçirdiyi görüşdə baş tutub.
Görüşdə bu sahələrdə hər iki tərəfdə işbirliyi üçün böyük potensialın olduğu vurğulanıb.
Azərbaycan iqtisadiyyatı, sənaye zonalarında yaradılmış əlverişli şərait, işğaldan azad edilmiş ərazilərdə sahibkarlara təqdim olunan güzəşt və dəstək mexanizmləri barədə məlumat verilib. Tatarıstan şirkətləri Azərbaycanın əlverişli investisiya mühitindən yararlanmağa dəvət olunub.
Tərəflər sənaye parklarında icra edilən layihələr və yeni əməkdaşlıq istiqamətləri barədə müzakirə aparıblar.