"Çörəyi daha çox rayon və kəndlərdə evdar qadınlar bişirir" - Günay Hüseynova
![](https://img.redaktor.az/news/2025/02/photo_270030.webp?v=MjE6NTgyMDI1LTAyLTExIDE3OjQ2OjE2)
Xəbər verdiyimiz kimi, Azərbaycanda fevralın 10-na unun topdansatış qiyməti açıqlanıb. Ötən həftə ilə müqayisədə topdansatış bazarında un bahalaşıb. Un istehsalçıları qiymətləri 5 qəpikdən 50 qəpiyə qədər artırıblar.
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, unun qiymətində bir neçə aydır ki, bahalaşma müşahidə edilmirdi:
"Qiymət artımı 1 kisə (50 kq) üçün 5 qəpikdən 50 qəpiyə qədər dəyişir. Hal-hazırda qiymətlər 26,50 manatla 28,20 manat arasında dəyişir. Cüzi də olsa, dəyişən qiymətlər qarşılığında çörəyin qiymətində artım gözlənilir. Əvvəl unun və ya daşıma xərclərinin qiymətində artım olanda çəkini azaldırdılar. Artıq elə bir hala gəlib ki, azaltma da mümkün deyil, onsuz da çəkisi olduqca azdır. Əsas səbəb odur ki, yerli istehsal istehlakçıların tələbatını ödəmir və biz bu məhsulu idxal edirik. İdxalçı ölkələrdəki istehsalın həcmi və inflyasiyaya əsasən qiymətlər dəyişir".
İqtisadçı bildirdi ki, şəxsi istifadə üçün regionlara əsasən fərqli qiymət tarifi tətbiq olunsa, daha yaxşı olar.
“Bu gün evdə çörək və ya hansısa un məmulatı bişirənlərin sayı olduqca azdır. İnsanların iş rejimi, həyat qayğıları buna imkan vermir. Əsasən daha çox rayon və kəndlərdə evdar qadınlar bişirir. Rayonda və paytaxtda yaşayan insanların gəliri eyni deyil. Bundan əlavə, ailə tərkibi sayı da eyni deyil. Ona görə də şəxsi istehlak və regionlar üçün aşağı qiymət tarifi tətbiq olunmalıdır. Nəinki un, həmçnin digər zəruri məhsullar üçün də", - deyə Günay Hüseynova bildirdi.
Aytəkin TOFİQQIZI