Ununun bahalaşması bu məhsulların qiymətinə təsir göstərib - AÇIQLAMA
![](https://img.redaktor.az/news/2025/02/photo_270313.webp?v=MjE6MTEyMDI1LTAyLTEzIDE3OjQ4OjUz)
Keçən günlərdə Azərbaycanda un bahalaşıb. Un istehsalçıları qiyməti 5 qəpikdən 50 qəpiyə qədər artırıblar.
Bəs unun bahalaşması digər un məmulatlarının qiymətinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, unun bahalaşması çörəyin qiymətinə öz təsirini göstərib:
"10 gün bundan əvvəl qıram hesabı ilə bahalaşma olub. Unun qiymətinin artması çörək məhsullarının qiymətinə artırıcı təsir göstərib. Bu, artıq baş verib. Mövzu olaraq digər un məhsullarının bahalaşmasından danışsaq, hal-hazırda un qiymətlərinin bahalaşması böyük məbləğlərlə ifadə olunmur. Amma digər un məhsullarının xərcləri, istehsalçıların xərcləri artır. İstehsalçı dedikdə məhsul istehsal edənlər nəzərdə tutulur. Deyə bilərik ki, məsələn, ötən ilin ikinci yarısında ölkədə dizel yanacağının, benzinin qiyməti qalxdı. Daha sonra bu ilin yanvar ayında qazın, işığın qiyməti artırıldı. Eyni zamanda minimum əmək haqqı yanvarın birindən artırıldı. Ötən il işçilik xərcləri səkkiz faiz artıb".
Ekspert qeyd etdi ki, bütün bunlar biznesin xərcini artırır.
"Bu hal öz sırasında məhsullarının da qiymətinə təsir göstərir. Bu amillər xərclərin artmasına, məhsulların qiymətinə artırıcı təsir göstərir. Amma artıb-artmayacağı artıq bazarda rəqabətdən sonra müəyyənləşir", - deyə X.Kərimli bildirdi.
Aytəkin TOFİQQIZI