Çörəyin altındakı qara izlər nədən xəbər verir? - Ekspertdən AÇIQLAMA

 18:39 13.02.2025     183

Keçən günlərdə Nizami rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində AQTA tərəfindən nöqsanlar aşkarlanıb. Hətta iddia olunur ki, çörəyin içindən siqaret kötüyü çıxıb.

Bəs müəssisələrdə sanitar-gigiyenik qaydalara niyə əməl olunmur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti Ağa Salmanov bildirdi ki, siqaret kötüyünün çıxması fiziki çirklənmədir:

"Burada işçilərin məsuliyyətsizliyi ola bilər. Sanitar-gigiyenik qaydalarına əməl olunmaması da göz qarşısındadır. Bu hadisə qəsd də ola bilər. Hansı ki, incidilən işçi tərəfindən ola bilər. Bunlar isə daxildən qaynaqlanan məsələlərdir. Bilərəkdən nəsə ataraq imicə zərər vermək istəyə bilərlər. Bu səbəbdən hərtərəfli düşünmək lazımdır. Bunlar fərziyədir. Həqiqətən də ola bilər ki, orada sanitar-gigiyenik qaydalar pozulmuş olsun. Bəzən görürük ki, çörəyin altında qara izlər də olur. Bu qara izlər daşıyıcı lentin təmizlənməməsindən irəli gəlir. Bu isə kimyəvi çirklənmədir".

Ekspert qeyd etdi ki, bunlar baş ağrısı, ürəkbulanma, mikro və makro zəhərlənmələr yarada bilər.

"Sağlam qidalar istehsal olunmalıdır. Mən düşünürəm ki, fiziki, kimyəvi, bioloji çirklənmələri nəzərə almaq lazımdır. Bunu nəzərə alaraq yola çıxmaq lazımdır. İstər iaşə müəssisələrində, istehsal müəssisələrində və s. Göstəricilərə mütləq əməl etmək lazımdır ki, kimyəvi, fiziki, bioloji çirklənmələrdən mühafizə olunaq", - deyə Ağa Salmanov bildirdi.

Aytəkin TOFİQQIZI