Blogerlər vergiyə cəlb olunmalı, onlara vəsait ödəyənlər araşdırılmalıdır - AÇIQLAMA

Son illər rəsmi olmayan yeni peşə - blogerlik yaranıb ki, onlar bir çox insandan yaxşı gəlir əldə edir. Onlar müəyyən şirkət, məhsulları reklam edir, əvəzində isə pul qazanır. Artıq bəzi ölkələrdə bloger fəaliyyətinə görə vergi tətbiq olunur.
Bəs ölkəmizdə də blogerlər vergiyə cəlb oluna bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, blogerlik fəaliyyəti dünyanın bir çox ölkəsində yayılıb:
"Asan qazanc mənbəyi olduğu üçün bu gün baxırsan hərkəs əlinə bir telefon alıb blogerliklə məşğuldur. Cəmiyyətə uyğun olan və ya olmayan video çəkir, reklam edir, bunun qarşılığında 4000-5000 manat qazanır. Fiziki şəxslərin sosial şəbəkədən pul qazanması sahibkarlıq fəaliyyətindən əldə olunan qazancdır. Vergilərlə bağlı bir neçə ildir ki, uğurlu işlər görülsə də, bu sahədə olduqca əksikliklər var. Ciddi islahatlara, yoxlamalara ehtiyac var. Bu gün minimum əmək haqqı ilə işləyən vətəndaşın əmək haqqından müxtəlif tutulmalar varsa və bu dövlət büdcəsinə gedirsə, nə üçün minlərlə pul qazanan blogerlər dövlətə vergi ödəmir?"
İqtisadçının sözlərinə görə, blogerlərlə yanaşı onlara vəsait ödəyənlər də araşdırılmalı, vergiyə cəlb olunmalıdır.
"Neftdən asılı ölkəyik. Dövlət büdcəsinin əsas hissəsini neftdən gələn gəlirlər təşkil edirsə, digər hissəsini qeyri-neft gəlirləri, vergi yığımları təşkil edir. Bununla yanaşı vətəndaşlar arasında ədaləti qorumaq məqsədi ilə də vergi islahatlarına ehtiyac var. Bu gün şəhərin müxtəlif yerlərində kimsə səyyar satışla məşğul olsa, dərhal müdaxilə olunur ki, vergi verirsənmi, elektron tərəzin varmı? Amma bir saatın içində minlərlə manat qazanan blogerlər və ya müğənnilər nə üçün vergiyə cəlb olunmur? Müğənnilər cəlb olunsa da, çox az miqdar qeyd edirlər və ya ödəmirlər. Məsələnin digər tərəfi blogerə vəsait ödəyib reklam çarxı çəkdirən tərəf də məsuliyyət daşımalıdır. Burda da araşdırılmalar aparmalıdır. Çünki məsələnin görünməyən tərəfləri var - çirkli pullar kimi. Həmən pulları və ya vergiyə cəlb olunmayan hissəssindən əldə edilən gəliri leqallaşdırmaq məqsədi ilə şişirdilmiş rəqəmlərlə qarşı tərəfə ödəyib bir miqdarını geri almaq kimi neqativ hallar da var. Vergi öhdəliyinin dəqiq müəyyənləşdirilməsi, vergi dərəcələrinin təyin olunması ilə bağlı konkret olaraq işlər görülməlidir. Əvvəla bu fəaliyyətlə məşğul olan şəxslər Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçməli, faktura kəsməli və ödənişi bank vasitəsi ilə qəbul etməli, eyni zamanda aylıq gəlirlərinin qarşılığında vergi ödəməlidirlər", - deyə Günay Hüseynova bildirdi.
Türkan İSGƏNDƏRLİ