Bu qurum ADY-yə birləşdirildi - FƏRMAN

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Liman) ona qoşulması formasında yenidən təşkil ediləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi cəmiyyətin yenidən təşkili və ləğvi, cəmiyyətin icra orqanının rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi, Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON−a) həvalə edilib.
Fərmanda qeyd olunub ki, limanın Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçirilib.
Bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək isə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) tapşırılıb.