Bu mallar 2033-cü ilə qədər ƏDV-dən və gömrük rusumundan azad edilir

 16:37 27.02.2025     114

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2033-cü ilə qədər əlavə dəyər vergisindən (ƏDV) və gömrük rusumlarından azad edilir.

Redaktor.az-ın məlumatına görə, bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklər təklif edilir.

Qanun layihəsi “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 dekabr 2022-ci il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli qanunlara uyğun hazırlanıb.

Sənədə əsasən, azadolma Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı əsasında - 2023-cü il yanvarın 1-dən 10 il müddətinə İqtisadiyyat Nazirliyinin verdiyi təsdiqedici sənəd əsasında tətbiq olunur. 

Qeyd edilən təsdiqedici sənədin “sahibkarlıq fəaliyyətinə verilən icazə” xarakterli olması nəzərə alınmaqla, “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-ci maddəsi yeni redaksiyada verilir, bununla da həmin təsdiqedici sənəd icazələrin siyahısına daxil edilir.

Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bugünkü iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.