"Hər yüz dollarlıq ticarətdə bizə 50 sent pul qalıb"

 15:59 12.03.2025     188

"Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 4,1 milyard dollar olub. Bunun 50,3 faizi ixracın, 49,7 faizi idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 9,3 faiz artıb. Nəticədə ticarət dövriyyəsində 21,1 milyon dollarlıq müsbət saldo alınıb".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov 2025-ci ilin ilk ayının statistikasının təhlilini apararkən deyib.

Onun sözlərinə görə, bu dövriyə barəsində açıqlanan rəqəmlərin müsbət tərəfidir:

"Amma ticarət dövriyyəsində saldo müsbət olsa da, 4,1 milyard dollarlıq dövriyyə qarşıığında 21 milyonluq müsbət saldo çox deyil. Dövriyyənin cəmi 0,5 faizinə bərabərdir. Yəni hər yüz dollarlıq ticarətdə bizə 50 sent pul qalıb.

Nəzərə alaq, neft qiymətləri yanvarda hazırkı satış qiymətlərindən yuxarı idi. Ona görə də qarşıdakı dönəmdə qeyri-neft ixracı artmasa saldonun işarəsi əksinə dəyişə bilər".

E.Əmirov qeyd edib ki, digər bir mənfi dinamika idxalın real ifadədə 50,1 faiz artması, ixracın 12,5 faiz azalmasıdır.

"Eyni zamanda bu dövr ərazində neft-qaz məhsullarının ixracı da real ifadədə 10,4 faiz azalıb.

İxracda artım daha çox qara metallardan hazırlanan borularda 3,1 dəfə (210 faiz), qara metallardan hazırlanan çubuqlarda – 2,4 dəfə (140 faiz ) və elektrik enerjisində 72 faiz olmuşdur.

Bu artım sevindiricidir. Lakin burada qayğılandırıcı məqam odur ki, hər 3 məhsul qeyri-neft məhsulu olsa da, hazırlanması üçün xammal təbii sərvətdir. Amma bütün hallarda neft faktorunun olmaması şəraitində artımın belə ciddi olması müsbət dəyərləndirilməlidir", - deyə o bildirib.

İqtisadçının sözlərinə görə, başqa bir məsələ mövsümü faktorlarla əlaqədardır ki, qeyri-neft ixracında mövsüm faktorların böyük rol oynaması il sonuna bu sektorda daha yüksək göstəricilərin əldə edilmə ehtimalı yüksəldir:

"Ölkələrin bizimlə ticari münasibətlərdə mövqeyinə gəldikdə isə yenə də ilk üçlük mövqeyini qoruyub saxlayır: İtaliya, Türkiyə və Rusiya".

Turan İSMAYIL