Azərbaycanda kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılacaq

 18:16 19.03.2025     96

Bu ilin may ayına qədər Azərbaycanda kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizminin yaradılması nəzərdə tutulur.

Redaktor.az xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsində öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, mayın 1-nə qədər sistemin maliyyələşmə mexanizminin müəyyən edilərək təsdiqlənməsi, Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması, iyunun 1-nə qədər infrastrukturun arxitekturası, avadanlıqları və lisenziyalarının müəyyən olunması, iyulun 1-nə qədər isə sistemin texniki tapşırıqlarının hazırlanması planlaşdırılır.

Bundan əlavə, Yol Xəritəsində dekabrın 1-nə qədər abonentlərin fərdi identifikasiya nömrəsi (FİN) üzrə məlumat bazasının dəqiqlik səviyyəsinin 90 %-ə çatdırılması, bu istiqamətdə görüləcək işlərlə bağlı tədbirlər planının hazırlanması və görülmüş işlərə dair rüblük hesabatın Komissiyaya təqdim edilməsi, abonentlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə məlumat bazasının mötəbərliliyinin 70 %-ə çatdırılması, bu istiqamətdə görüləcək işlərlə bağlı tədbirlər planının hazırlanması və görülmüş işlərə dair rüblük hesabatın Komissiyaya təqdim olunması, abonent məlumat bazasında ünvan reyestr məlumatlarının tətbiqi üzrə dəqiqlik səviyyəsinin 90 %-ə çatdırılması, müxtəlif dövlət və özəl informasiya sistemlərinin inteqrasiyası ilə kommunal xidmətlər abonent bazasının dürüstləşdirilməsi (ÜRİS, FİN, VÖEN, kommunal qurumların abonent və coğrafi informasiya sistemləri), nəzarətçilərin (fakturalama əməkdaşları) abonentlərə aylıq faktura təqdim etməsini nəzərə alaraq, onların istifadə etdiyi mobil qurğular (planşetlər) üçün xüsusi proqram təminatının hazırlanması və bu vasitə ilə məlumatların (FİN, VÖEN, ünvan) dəqiqləşdirilməsi nəzərdə tutulub.