"Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır" - Deputat

 12:40 22.04.2025     158

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində yalnız ölkəmiz üçün deyil, region üçün mühüm əhəmiyyət daşıyan bir sıra məsələlərə toxunub".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, vacib məqamlardan biri Azərbaycanın regionun nəqliyyat habına çevrilməsidir:

"Bir tərəfdən, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Digər tərəfdən, Çin xarici ticarət dövriyyəmizdə 7,9 faiz payla Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. İdxalımızın 17,7 faizi sözügedən dövlətin payına düşüb.

Vacib məqamlardan biri Azərbaycanın regionun nəqliyyat habına çevrilməsidir. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

Nəqliyyat dəhlizlərinin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi bağlı işlər sürətlənib. Qərb-Şərq nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub xəttinin də ötürmə imkanları artırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə potensialı isə 1 miyon tondan 5 milyon tona çatdırılır.

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyası və geoiqtisadi mövqeyinin daha da güclənməsindən xəbər verir. Bu isə Azərbaycanın qlobal miqyasda “orta güc” mərkəzlərindən birinə çevrilməsi deməkdir".

Vasif ƏLİHÜSEYN