"Mərkəzi Bankın şəffaf və dayanıqlı kommunikasiyaya verdiyi nümunəvi önəmi yüksək dəyərləndiririk"

 11:23 24.04.2025     130

"Dünən Mərkəzi Bankda İdarə Heyətinin sədri hörmətli Taleh Kazımovun dəvəti ilə iqtisadçı ekspertlərlə birgə görüşümüz oldu. 4 saata qədər davam edən bu uzun görüşdə ölkənin makroiqtisadi göstəriciləri, maliyyə sektorundakı inkişaf meylləri, risklər və perspektivə dair vacib istiqamətlər barədə geniş fikir mübadiləsi aparıldı. Bir çox vacib məsələləri müzakirə etdik".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, çıxışına daha sonra bunları əlavə edib:

"Həmçinin görüşdə kapital bazarlarının ölkə iqtisadiyyatında maliyyə resurslarının səfərbər olunması, investisiya mühitinin dərinləşməsi və uzunmüddətli maliyyələşmənin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladım. Bu səbəbdən, “Kapital bazarları haqqında” qanunun daha təkmil və səmərəli hazırlanmasının vacibliyini qeyd edərək, bu məsələ ilə bağlı iqtisadçı ekspertlərin fikirlərinin öyrənilməsi və birgə müzakirələrin məqsədəuyğun olacağını bildirdim. Həm bu məsələ, həm də depazit mövzusuna dair toxunduğum digər bir məsələ hörmətli Taleh müəllim tərəfindən müsbət qarşılandı və həmfikirlik ifadə edildi.

Sonda bildirmək istərdim ki, Mərkəzi Bankın açıq, şəffaf və ən əsası isə dayanıqlı kommunikasiyaya verdiyi nümunəvi önəmi yüksək dəyərləndiririk".

Vasif ƏLİHÜSEYN