"Bu müəssisələrin fəaliyyəti qeyri-neft ixracatının artmasına xidmət edəcək"

"Prezident İlham Əliyev dünən Sumqayıt Kimya Sənaye Parkında “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyim. Deputat bildirib ki, sözügedən müəssisələrin fəaliyyətə başlaması bir sıra istiqamətlərdə Azərbaycan üçün vacib hesab olunur:
"Əvvəlla, bu müəssisələrin fəaliyyəti Azərbaycanın qeyri-neft ixracatının artmasına xidmət edəcək. Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı Fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Parkın rezidentləri tərəfindən 70-dən çox ölkəyə 5 milyard manatlıq məhsul ixrac edilib. Bu baxımdan, yeni müəssisələr Azərbaycan qeyri-resurs ixracatına xüsusi töhvə verəcək. Bu neftdən kənar sektorlardan ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımdan vacibdir.
İkincisi, belə müəssisələrin fəaliyyətə başlaması iqtisadiyyatın diversifikasiyasına töhvə verməklə yanaşı, istehlak bazarında yerli məhsulların payını artırır. Bu idxalın əvəzlənməsi və yerli istehsalın genişləndirilməsi baxımdan vacibdir.
Üçüncüsü, bu müəssisələrin fəaliyyəti özəl sektorda yeni iş yerləri yaradılmasına xidmət edəcək. 2024-cü ildə özəl sektorda əmək müqaviləsi ilə çalışanların sayı ilk dəfə dövlət sektorunu ötmüşdür. Bu baxımdan, yeni iş yerləri yaradan və xüsusən də ixtisaslı kadrlar üçün məşğulluq imkanları təklif edən müəssisələrin fəaliyyəti əmək bazarı baxımdan vacibdir.
Nəhayət, bu müəssisələrin fəaliyyətə başlaması qeyri-resurs fiskal gəlirlərimizin dayanıqlığına töhvə verəcək. Dayanıqlılıq və inkluzivlik məhz bu tip müəssisələrin sayının artması hesabına reallaşır.
Vasif ƏLİHÜSEYN