“Bu cür qarşılıqlı səfərlər əlaqələrin dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır"

"Hər iki ölkənin müasir qlobal geosiyasətdə baş verənlər fonunda bir-birinə ehtiyacı vardır və hər bir ölkə digər ölkə üçün önəmlidir. Hazırkı vəziyyətdə mən hesab edirəm ki, Macarıstanın Azərbaycan üçün önəmli olmasından daha çox, Azərbaycan Macarıstan üçün önəmlidir".
Redaktor.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O, bildirib ki, hazırkı vəziyyətdə Rusiyadan enerji asılılığında ən çox olan ölkələrdən biri Macarıstandır:
"Azərbaycan isə məhz Avropanın enerji tərkibində oynadığı rol baxımından Macarıstanın olduğu coğrafiya üzrə daha böyük xüsusi çəkiyə malikdir. Perspektivdə isə Macarıstan Azərbaycandan neft və qazdan başqa həm də alternativ enerji mənbələri hesabına təmin oluna bilər. Müvafiq sahə üzrə memorandum imzalanmış dörd ölkədən biri məhz Macarıstandır. Həmçinin Şahdəniz yatağı Macarıstanın ən etibarlı investisiya obyektidir. Ümumiyyətlər Macarıstanın investisiyası əsasən Azərbaycanın neft-qaz sektoruna yönəlib. Bu, Macarıstanın Azərbaycana olan iqtisadi inamını və marağını açıq şəkildə göstərir.
Bütün bunlardan başqa da, ölkələr arasında olan ticarət dövriyyəsinə baxdıqda yenə də Macarıstanın xeyrinə olan bir vəziyyət görünür.
2023-cü ildə Azərbaycan və Macarıstan arasında 48,4 milyon dollarlıq bir ticarət dövriyyəsi olmuşdur və bu dövriyyənin təxminən 43 milyon dolları Macarıstandan Azərbaycana ixrac olunan malların payına düşmüşdür.
2024-cü ildə isə ticarət dövriyyəsi 62,3 milyon dollara çatıb. Bunun da 54,8 milyon dolları Macarıstanın bizə satdığı məhsullardan ibarət olub. Azərbaycan isə Macarıstana 7,5 milyon dollarlıq məhsul satmışdır.
Burada da göründüyü kimi, ticarət dövriyyəsinin 88%-i Macarıstanın bizə etdiyi ixracdan ibarətdir, yəni bizim idxalımızdan ibarətdir. Başqa sözlə, ticarət dövriyyəmizin 76%-i Macarıstanın müsbət saldosudur.
Bütün bunlara görə də, Azərbaycan Macarıstan üçün həm siyasi, həm də iqtisadi baxımdan eyni dərəcədə vacib olsa da, Macarıstan Azərbaycan üçün iqtisadidən daha çox siyasi baxımdan strateji tərəfdaşdır. (Yəni siyası konturlar iqtisadi konturları üstələyir) Lakin cənab Prezidentin Macarıstana səfəri və bu qəbildən olan iki ölkə arasındakı digər yüksək səviyyəli görüşlər Macarıstanın Azərbaycan üçün gələcəkdə iqtisadi baxımdan da daha önəmli tərəfdaşa çevrilməsi üçün mühüm zəmin yaradır. Bu cür qarşılıqlı səfərlər və əməkdaşlıq formatları, xüsusilə enerji, alternativ enerji, ticarət və investisiya sahələrində əlaqələrin dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Nəticə etibarilə, bu münasibətlər strateji tərəfdaşlığın təkcə siyasi deyil, həm də iqtisadi sütunlar üzərində möhkəmlənməsinə şərait yaradır".
Vasif ƏLİHÜSEYN