Mikayıl Cabbarov yeni vəzifəyə TƏYİN EDİLDİ

 18:03 22.05.2025     264

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (IsDB) Qrupunun Müdirlər Şurasının sədri təyin olunub.

Bu barədə Redaktor.az-a nazirlikdən bildirilib.

Bununla əlaqədar IsDB Qrupunun Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində ev sahibliyini təhvilalma mərasimi keçirilib. IsDB Qrupunun 2026-cı ildə İllik Toplantısı Azərbaycanda təşkil olunacaq.

M.Cabbarov IsDB Qrupuna və üzv dövlətlərə Azərbaycana göstərilən yüksək etimada görə təşəkkür edib. O qeyd edib ki, Azərbaycan 2010-cu ildə Bankın 35-ci İllik Toplantısına uğurla ev sahibliyi edib: "Bu nüfuzlu tədbirə növbəti dəfə ev sahibliyi etmək Azərbaycanın çoxtərəfli əməkdaşlığa, üzv ölkələri birləşdirən ortaq dəyərlərə və məqsədlərə sadiqliyini bir daha təsdiqləyir. Tədbir Azərbaycanın islam maliyyə institutları ilə tərəfdaşlığının güclənməsinə və dayanıqlı iqtisadi inkişafa təkan verəcək".

Nazir vurğulayıb ki, Azərbaycan Bankla səmərəli əməkdaşlıq edir və indiyədək birgə enerji, su təchizatı, infrastruktur, şəhərsalma və digər istiqamətlərdə dəyəri təxminən 1 milyard ABŞ dolları olan layihələr icra olunub. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə Bankla birgə həyata keçirilməsi nəzərdə tutulan “Qız qalası” su anbarından suvarma kanalının çəkilişinə dair layihənin önəmi qeyd olunub.

Gələn il Azərbaycandakı İllik Toplantı çərçivəsində IsDB-nin Müdirlər Şurasının 51-ci, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının Baş Assambleyasının 22-ci, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 33-cü, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 26-cı, İnkişaf üzrə İslam Həmrəylik Fondunun Baş Assambleyasının 19-cu illik toplantıları keçiriləcək.

Tədbirdə IsDB Qrupunun Azərbaycanda keçiriləcək İllik Toplantısı üçün təminatlara dair Anlaşma Memorandumu imzalanıb. Sənəd 2026-cı ildə Bakıda keçiriləcək İllik Toplantının səmərəli planlaşdırılması və təşkili məqsədilə əməkdaşlıq çərçivəsini müəyyən edir.

1973-cü ildə yaradılmış IsDB-nin baş qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir. İqtisadiyyatın müxtəlif istiqamətləri üzrə maliyyələşməni həyata keçirən IsDB Qrupu Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, İnkişaf üzrə İslam Həmrəylik Fondu kimi strukturlara malikdir. 57 ölkə Bankın üzvüdür. Azərbaycan 1992-ci ildən Banka üzv olub.