“Azəriqaz”ın sayğaclarını istehsal edən zavoddan REPORTAJ - FOTOLAR

 10:00 26.05.2025     296

SOCAR “Azəriqaz” İstehsal Birliyinin “Gəncə Cihazqayırma Zavodu”na təşkil etdiyi mediaturda Redaktor.az-ın əməkdaşı da iştirak edib. Əməkdaşımızın “Gəncə Cihazqayırma Zavodu”ndan hazırladığı reportajı təqdim edirik:

Açığı uzun müddət idi ki, hansısa bir qurumun mediaturunda iştirak etmirdim. Amma buna ehtiyac olduğunu çoxdan anlamışdım. Çünki hər gün kompüterin qarşısında oturmaq da adamı dəhşət yorur. Rəhbərlik tərəfindən  “Azəriqaz”ın Gəncədə sayğaclarını hazırlayan zavodun istehsal prosesi ilə tanış olmaq üçün ora getməli olduğumu biləndə bir az təəccübləndim. Doğrudanmı ölkəmizdə belə zavod var?! Ona görə də SOCAR “Azəriqaz” İstehsal Birliyinin “Gəncə Cihazqayırma Zavodu”na təşkil etdiyi mediatur çərçivəsində Gəncə şəhərinə yola düşdük. Bu mənim Gəncəyə ikinci səfərim olsa da, əvvəlkindən çox maraqlı keçəcəyinə inanırdım.

Məlum oldu ki, məişət tipli qaz sayaclarının yerli istehsalın hesabına təmin olunması məqsədi ilə 2021-ci ilin noyabr ayının 4-də SOCAR “Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırmaq Zavodu” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında memorandum imzalanıb. Memorandum çərçivəsində ilkin olaraq 2000 ədəd qaz sayğacı “Azəriqaz” İB-yə təqdim edilib.

“Azəriqaz” İB ilə “Gəncə Cihazqayırmaq Zavodu” ASC arasında əməkdaşlıq çərçivəsində isə bunlar nəzərdə tutulub:

- Sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığının azalması; Yəni qaz sayğaclarının alqı-satqısının yerli istehsalla həyata keçirilməsi;

- Yerli sahibkarlığın inkişafına dəstəyin verilməsi;

- Xarici valyutanın ölkədən kənara çıxmasının qarşısının alınması;

- Şəffaflığın təmin edilməsi;

- Qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılmasının təmin edilməsi;

 

Təbbi ki, bölgələrdə yeni iş yerlərinin açılması prioritet məsələlərdəndir. “Gəncə Cihazqayırmaq Zavodu”yla tanışlığımız zamanı dəzgah arxasında kişilərlə yanaşı, zərif cinsin nümayəndələrini görəndə həm təəccübləndik, həm də sevindik ki, onlar da işlə təmin olunurlar. Zavod rəhbərliyi ilə apardığımız söhbət zamanı məlum oldu ki, hazırda zavoda 270 nəfər civarında işçi çalışır, amma hər dəfə yeni dəzgahlar gətirildikcə işçilərin də sayı artacaq. Hətta söhbət zamanı onu da öyrəndik ki, bir neçə oğlan və qız elə burda iş yerində tanış olub, ailə qurublar, övlad böyüdürlər, əl-ələ verib torpaq alıb, ev tikiblər. Geniş ərazisi olan zavodda hamı iş başındaydı. İşçilərə rəhbərlik tərəfindən pulsuz nahar və iki dəfə çay verildiyi deyildi. Novruz bayramında bayram bazarlıqları, Qurban bayramında qurbanlıq ətləri rəhbərlik tərəfindən hər il onlara verilir.

Bildirildi ki, sayğac istehalında istifadə olunan bütün detallar elə zavodda hazırlanır. Qaz sayğaclarının istehsalı zamanı hansısa hissə ölkəyə gətirilsə də, su sayğaclarının hər bir detalı elə bu zavodda hazırlanır, yəni zavoddan kənarda düzəlmir. Zavodun 2022-ci ildən istehsal etdiyi su sayğacları isə Qazaxıstan, Özbəkistan, Gürcüstan və Rusiya kimi ölkələrə ixrac olunur.

Zavodun baş mühəndisinin müavini Vasif Rəhimov bizimlə söhbəti zamanı bildirdi ki, zavodda ildə 500 minə yaxın qaz sayğacı istehsal olunur. İlk fəaliyyətə başladığı dövrlərdə isə zavodda istehsal gücü 300 min ədəd olub. Hətta bu istiqamətdə çalışacaq mütəxəsisslər də zavod daxilində yetişdirilir.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev bizimlə söhbəti zamanı bildirdi ki, zavodun istehsal etdiyi sayğaclar Bakı və Abşeron daxil olmaqla, ölkənin istənilən regionunda quraşdırılır. Beynəlxalq standartlara uyğun istehsal olunan sayğaclara tələbatın artması isə istisna edilmir. Zavodun istehsal gücünün artması isə ölkədə işsizlik probleminin qarşısının alınmasına təkan verəcək.

Vasif ƏLİHÜSEYN

222222