"Laçında bu müəssisələrin açılması ərazidə məşğulluğu təmin edəcək"

 18:55 30.05.2025     259

"Laçında belə fabrik və iş yerlərinin olması, ərazilərdə məşğulluğun təmin olunmasına imkan verir"

Bunu Redaktor.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirdi.

O, qeyd etdi ki, Laçında açılan toxuculuq və digər müəssisələr kiçik müəssisələrdir:

"Bunlar Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək, amma istənilən halda bu cür müəssisələrin çoxluğu və bolluğu həm idxaldan asılılığımızı azaldacaq, həm də eyni zamanda ərazidə məşğulluğu təmin edəcək. Biz dayanıqlı şəkildə ora qayıdışı təmin etmək istəyirik. İnsanları ora aparıb sadəcə bağlaya bilmərik. İnsan hər hansı bir fəaliyyətlə məşğul olmalıdır. Orada insanları saxlayıb aylıq pul verməklə iş getməz".

Müsahibimiz qeyd etdi ki, bu cür müəssisələr yerli əhəmiyyətli məşğulluğun təmin olunmasında və yerli əhəmiyyətli sosial problemlərin həllində mühüm rol oynayır.

"Belə müəssisələr mütləq vacibdir. Söhbət həm də ondan gedir ki, bu müəssisələr dayanıqlı olsunlar, yəni özlərini maliyyələşdirə və böyüyə bilsinlər. Yoxsa, dövlətin dəstəyindən çox asılı olan müəssisələr uzunmüddətli fəaliyyət göstərib fayda verə bilmirlər. Amma istənilən halda bu müəssisələrin açılması yerli əhəmiyyətli məşğulluq problemlərinin həllinə müsbət təsir göstərir, eyni zamanda məhsulun istehsal həcminə əsasən idxalın əvəzlənməsinə də müsbət təsir edir", - deyə iqtisadçı vurğuladı.

Xatırladaq ki, Prezident İlham Əliyev mayın 27-də Laçına səfəri zamanı "PIRSHAGHI" ayaqqabı fabrikinin Laçın filialının, "LATIFA" tikiş fabrikinin açılışında iştirak edib.

Xədicə BAXIŞLI