Türk İnvestisiya Fondu inkişaf edə biləcəkmi?

 12:09 10.06.2025     208

"Son illər Türk dövlətləri arasında əməkdaşlıq istiqamətində atılan addımlar, xüsusən də Türk İnvestisiya Fondunun (TİF) yaradılması mühüm əhəmiyyət kəsb edir. Lakin bu fondun yalnız “yaxşı niyyət” səviyyəsində qalmaması, əsl beynəlxalq maliyyə institutuna çevrilməsi üçün ciddi məsələlər var".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, TİF yaradılarkən kapitalı 500 milyon dollar idi. Hazırda isə TİF-in kapitalı 600 milyon dollar həddindədir:

"Müqayisə üçün deyim ki, Asiya İnkişaf Bankının ödənilmiş kapitalı 7,5 milyard dolları aşır, əməliyyat portfeli isə 120-130 milyard dollar civarındadır. Türk dövlətləri üçün TİF-in uğurlu gələcəyi ilk növbədə maliyyə dayanıqlığından asılıdır. Kapitalın artırılması, beynəlxalq maliyyə bazarlarına çıxış və etibarlı investisiya mənbələrinin təmin edilməsi burada əsas şərtdir.

Odur ki, TİF yalnız bir neçə sahə ilə məhdudlaşmamalı, geniş sektoral və regional portfel formalaşdırmalıdır. Bu, fondun həm təsir dairəsini, həm də dayanıqlığını artıracaq. Əlbəttə ki, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri də mütləqdir. Çünki qlobal təcrübə göstərir ki, bu reytinqlər fondun etibarlılığını artırır və beynəlxalq sərmayələri cəlb edir.

Digər bir vacib məsələ isə idarəetmə və hüquqi baza ilə bağlıdır. Çünki, bu ən azı maliyyə dayanıqlığı qədər əhəmiyyətlidir.. Şəffaf və beynəlxalq standartlara uyğun idarəetmə olmadan fondun uğurlu gələcəyi mümkün deyil. Bu məqsədlə, hüquqi baza əvvəlcədən formalaşdırılmalı və beynəlxalq səviyyədə tanınmalıdır.

Ümumiyyətlə isə türk dövlətlərinin coğrafi mövqeyi – Şərqlə Qərbin kəsişməsində yerləşməsi, zəngin enerji resursları və nəqliyyat dəhlizlərinin potensialı TİF üçün əvəzolunmaz imkanlar yaradır. Xüsusilə bölgədə müasir logistik mərkəzlərin, rəqəmsal nəqliyyat platformalarının və azad iqtisadi zonaların inkişafı vacib investisiya istiqamətləridir. Bu sahələr, Türk dövlətlərinin potensialını daha da üzə çıxaracaq.

Bu fondun perspektivlərə dair təkliflərimə gəlincə, TİF-in kapital artımı üçün üzv dövlətlərin əlavə öhdəliklər götürməsi və özəl sektor tərəfdaşlığı modellərinin təşviqi vacibdir. Hüquqi və monitorinq sistemi yaradılaraq, şəffaflıq və hesabatlılıq təmin olunmalıdır. Regional və sektoral balanslı investisiya portfeli hazırlanmalı, beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığa start verilməlidir. Eyni zamanda, nəqliyyat və logistika, bərpa olunan enerji və rəqəmsal infrastruktur kimi sahələrə xüsusi diqqət ayrılmalıdır.

Az qala unudacaqdım, yəqin ki, bir çoxları vahid valyuta məsələsini də düşünür. Bununla bağlı qeyd etmək istəyirəm ki, indiki mərhələdə bu, mümkün deyil. Çünki müxtəlif dövlətlərin vahid valyutaya keçməsi üçün, hər şeydən əvvəl, onların inkişaf səviyyəsi demək olar ki, eyni olmalı, maliyyə-bank sektoru isə dərin inteqrasiya prosesini keçməlidir. Son illərdə Türk dövlətləri bir-birinə çox yaxınlaşıblar, amma bu yaxınlaşma vahid valyuta rejimi üçün tələb olunan səviyyəyə çatmayıb. Bu ölkələrin inkişaf səviyyəsi, milli valyutalarının möhkəmliyi, eləcə də iqtisadiyyatlarının dayanıqlılığı və sabitliyi çox fərqlidir. Avropa İttifaqının təcrübəsi buna əyani sübutdur. Onlar vahid valyutaya keçmək üçün 40 ildən çox vaxt sərf etdilər. Bu səbəbdən, vahid valyuta mövzusunu indi gündəmə gətirmək, məncə, hələ tezdir".

Vasif ƏLİHÜSEYN