"Azərbaycanda yaxın zamanlarda elektron pulların dövriyyəsi reallaşacaq" - Deputatdan AÇIQLAMA

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycan Mərkəzi Bankı cari ildə pilot qaydada (Sandbox rejimində) kripto layihələrə start verib. Onun sözlərinə görə, rəqəmsal manatla bağlı müzakirələr aparılır.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı millət vəkili Vüqar Bayramov bildirdi ki, Azərbaycanda virtual pulların, eləcə də kriptovalyuta istifadəsi ilə bağlı Mərkəzi Bankın siyasətində xüsusi istiqamətlər qeyd olunub:
"Mərkəzi Bank tərəfindən də virtual valyutanın istifadə imkanları öyrənilir. Təbii ki, bütövlükdə bu istiqamətdə nəzərə alsaq ki, mərhələli addımlar atılır, artıq elektron pulların dövriyyəyə buraxılması üçün Mərkəzi Bank tərəfindən lisenziyaların verilməsi həyata keçirilir. Bu o deməkdir ki, məhz Azərbaycanda da yaxın zamanlarda elektron pulların dövriyyəsi reallaşacaq".
Millət vəkili qeyd etdi ki, eyni zamanda virtual valyutadan istifadə imkanları da müzakirə edilən məsələlərdəndir.
"Bu kontekstdə virtual pullar və kriptovalyutadan istifadə imkanları öyrənildikdən sonra bu istiqamətdə qərarların verilməsi mümkündür. Amma artıq nəzərə almaq lazımdır ki, ümumiyyətlə elektron pulların dövriyyəyə buraxılması ilə bağlı lisenziyaların hazırlanması ondan xəbər verir ki, Azərbaycanda virtual pulların istifadəsi öyrənilən məsələlərdəndir",- deyə Vüqar Bayramov vurğuladı.
Xədicə BAXIŞLI