"Belə bir logistik mərkəzin zərər görməsi daşıma xərclərini artırır"

 15:00 17.06.2025     118

"Hayfa İsrailin şimalındakı əsas liman olmaqdan əlavə, eyni zamanda ABŞ-dan İsrailə daxil olan hərbi ləvozimatların əsas giriş nöqtəsidir. Bu liman vasitəsilə gələn sursat və texnika, həm logistik baxımdan, həm də müdafiə istehsalı baxımından böyük əhəmiyyət daşıyır. Burada yerləşən “Rafael Advanced Defense Systems” şirkəti “Dəmir Qübbə”, “David's Sling” və “Arrow” kimi hava hücumundan müdafiə sistemlərinin əsas istehsalçısıdır".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, belə bir hədəfin vurulması təsadüfi deyil:

"İsrailin hərbi döyüş imkanlarına birbaşa iqtisadi və texnoloji zərbədir. Ancaq məsələ təkcə hərbi ilə bitmir. Hayfa limanı eyni zamanda Yaxın şərqdəki beynəlxalq ticarət və dəniz logistikası sisteminin əsas halqalarından biridir. Liman təkcə sursat deyil, həm də konteynerlə daşınan müxtəlif malların giriş-çıxış nöqtəsidir. Belə bir logistik mərkəzin zərər görməsi, sığorta risklərini və daşıma xərclərini artırır, təchizat zəncirində ləngimələrə və regional ticarətdə axının pozulmasına səbəb ola bilər. Əlavə olaraq, Hayfa limanının yeni terminalının istismar hüququ 2021-ci ildən Çin dövlətinə bağlı "Shanghai International Port" Groupa verilib. Bu isə limanı sadəcə İsraillə yanaşı, Çin və ABŞ arasında iqtisadi maraqların toqquşduğu strateji məntəqəyə çevirir. Hücumun bu limana yönəlməsi artıq regional deyil, qlobal ticarət təhlükəsizliyi kontekstində də ciddi suallar doğurur".

Vasif ƏLİHÜSEYN