"Hörmüz boğazının bağlanması İran tərəfindən ABŞ və Qərbə yönəlik təhdiddir" - Natiq Cəfərli

 13:59 23.06.2025     103

İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib. Qərarı İranın Milli Təhlükəsizlik Şurası təsdiqləməlidir.

Qərar təsdiqlənərsə, beynəlxalq ticarətdə hansı dəyişikliklər baş verə bilər? Hörmüz boğazının bağlanması dünya neft bazarına necə təsir göstərər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Hörmüz boğazının bağlanması İran tərəfindən ABŞ və Qərbə yönəlik təhdiddir:

"Amma İranın da ixracatının və idxalının bəlkə də 80-85 faizi Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Boğaz bağlansa, İran nə məhsul ala biləcək, nə də sata biləcək. Bu zaman İranın taleyi necə ola bilər, bu, sual altına düşür. Əgər belə bir şey olsa belə, müvəqqəti və çox kiçik zamana bağlı bir məsələ olar. Çünki Hörmüz boğazının uzunmüddətli bağlanması neftin qiymətinin 100-120 dollar civarında artmasına səbəb ola bilər. Bu da dünya enerji bazarı və dünya iqtisadiyyatı üçün çox ciddi bir yükə çevrilə bilər. Buna görə də düşünmürəm ki, belə bir addım atılacaq. Addım atılsa belə, bunun uzun müddət davam edəcəyini düşünmürəm".

Ekspert vurğuladı ki, bunun Azərbaycana bir təsiri yoxdur.

"Azərbaycan nefti Hörmüz boğazından ixrac olunmur. Neft Bakı-Tbilisi-Ceyhan vasitəsilə Türkiyədən ixrac olunur. Amma qiymət nöqteyi-nəzərindən təsiri var. Neft nə qədər bahadırsa, Azərbaycana bir o qədər çox xeyri var", - deyə Natiq Cəfərli qeyd etdi.

Aytəkin TOFİQQIZI