Ən çox hansı məhsullar bahalaşıb? - SİYAHI

 14:11 24.06.2025     69

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 5 ildə - yəni 2020-ci ilin may ayı ilə müqayisədə 2025-ci ilin may ayına olan istehlak qiymətlərinin dəyişimi 41,8% təşkil edib.

Redaktor.az Media Təhlil Mərkəzinə (MTM) istinadən xəbər verir ki, son 5 ilin may aylarında qeydə alınan rəqəmlərə diqqət etsək, ən az qiymət artımı (0,3%) 2024-cü ildə qeydə alınıb.

2025-ci ilin may ayında istehlak qiymətləri 2024-cü ilin may ayına nisbətən 6,3% artıb. Bu da o deməkdir ki, son bir ildə ölkədə inflyasiya 6,3% təşkil edib.

Son 5 il may ayları üzrə ən çox qiymət artımı (13,7%) 2022-ci ildə qeydə alınıb.

Son bir ildə ən yüksək qiymət artımı qida məhsulları üzrə olub. Ötən ilin may ayından 2025-ci ilin may ayına kimi ölkədə qida məhsullarının qiymətində 8,1% artım müşahidə olunub.

Xatırladaq ki, 2024-cü ilin may ayında qida məhsullarında qeydə alınan göstərici 2023-cü ilin eyni ayı ilə müqayisədə 1,8% ucuz olub.

Ümumiyyətlə son 5 ildə qida məhsulları üzrə ən yüksək artım 2022-ci ildə qeydə alınıb və bu göstərici 21% təşkil edib.

Son bir ildə qeyri-qida məhsulları üzrə qiymətlər 2,7% artıb. Son 5 ildə ən yüksək qiymət artımı 2023-cü ildə (10,7%), ən az qiymət artımı isə ötən ilin may ayında (1%) olub.

2025-ci ilin may ayına olan göstəricilərə əsasən, ölkədə spirtli içkilərin qiyməti ötən ilin eyni dövrünə nisbətən 3%, tütün məmulatlarının qiyməti isə 2,6% artıb.

Son 5 ildə ölkədə ödənişli xidmətlərin qiymətlərində də hər il artım qeydə alınıb. Daha dəqiq desək, cari ilin may ayına olan göstəriciyə əsasən, ölkədə ödənişli xidmətlərin qiyməti 7,3% artıb. Ödənişli xidmətlərə misal olaraq nəqliyyat, kommunal, rabitə, səhiyyə və s. xidmətlərini göstərmək olar.

Son 5 ildə ölkədə ümumi inflyasiya göstəricisi 41,8% təşkil edib. Rəsmi statistikaya əsasən, bu dövrdə qiymət artımı müxtəlif kateqoriyalar üzrə fərqli səviyyələrdə müşahidə olunub.

Ən yüksək qiymət artımı qida məhsulları üzrə qeydə alınıb. Belə ki, 2020-ci ilin may ayından 2025-ci ilin may ayınadək qida məhsullarının qiymətlərində ümumilikdə 52,5%-lik artım baş verib.

Hesabat dövründə qeyri-qida məhsulları üzrə qiymət indeksləri 28,4% yüksəlib. Eyni dövr ərzində spirtli içkilərin qiyməti 18,5%, tütün məmulatlarının qiyməti isə 36,8% artıb.

Son 5 ildə ödənişli xidmətlər üzrə də nəzərəçarpacaq bahalaşma müşahidə olunub. Bu sahədə qiymətlər 40,1% artım göstərib.