""8 Noyabr” adı Prezident tərəfindən seçilib"

"Müharibə dövründə Ermənistanın birbaşa hədəf aldığı Mingəçevir stansiyası və onun ətraf infrastrukturu bir daha sübut etdi ki, Azərbaycanın enerji sistemləri yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik obyektləridir.
Xatırladıram ki, 2020-ci ilin oktyabrında Mingəçevir stansiyasının ərazisinə Ermənistan tərəfdən iki dəfə raket atılmışdır.
Prezident İlham Əliyev ötən günlər Mingəçevirdə və Yevlaxda “8 Noyabr” Elektrik Stansiyası və Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışını edib.
“8 Noyabr” stansiyası indiyədək ölkədə ən böyük hesab olunan "Azərbaycan" İstilik Elektrik Stansiyasından da güclüdür.
Onun gücü 1880 meqavatdır.
Stansiya Çinin "Dongfang" və İtaliyanın "Ansaldo Energia" şirkətlərinin dəstəyilə qurulub.
Yevlaxda yerləşən Mərkəzi Aran Regional SCADA sistemi vasitəsilə bütün bölgənin enerji xəritəsi real vaxtda izlənilir və idarə olunur.
“Dəliməmmədli”, “Kürəkçay”, “Ağdaş”, “Ağsu”, “Tərtər” və “Dəmir Beton Məmulatları” yarımstansiyaları Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinə inteqrasiya olunub.
Xatırladıram ki, 2 iyul 2018-ci ildə "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş verən qəzada bütün ölkənin zülmətə qərq olması həm də o zaman qurulan SCADA sisteminin işləməməsi nəticəsində baş vermişdir.
Yeri gəlmişkən, ölkənin ən güclü elektrik stansiyasına verilən ad, şanlı Zəfər tariximizi rəsmiləşdirən "8 Noyabr” adı da Prezident tərəfindən seçilib".
Osman GÜNDÜZ,
Azərbaycan İnternet Forumunun prezidenti