"Qaz ixracının artırılması ölkəyə daha çox valyutanın daxil olmasına imkan yarada bilər"

 17:06 24.06.2025     101

"Azərbaycan Prezidentinin iştirakı ilə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı olub. 1880 meqavat gücündə stansiya Azərbaycanın daxili enerji tələbinin ödənilməsinə xüsusi töhvə verməklə yanaşı, ölkəmizin ixrac imkanlarının artmasına şərait yaradacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, bu hadisə hazırda ölkə enerji istehsalının 40 faizini formalaşdıran Mingəçevirin yalnız Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək". 

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O, bildirib ki, elektrik enerjisi istehsalının artırılması Azərbaycanda mavi qaz istehlakının optimallaşdırılması və ixrac imkanlarının genişləndirilməsi baxımdan əhəmiyyətlidir:

"Azərbaycanda daxili illik qaz istehlakı 13,5 milyard kubmetrdir. Daxili istehlakın təxminən 37 %-i əhali tərəfindən həyata keçirilir. Bu baxımdan, yaşıl enerjidən daha çox istifadə olunması, mərkəzləşdirilmiş istilik siteminin genişləndirilməsi və itkilərin minimumlaşdırılması ilkin qiymətləndirmələrə görə, təxminən 2 milyard kubmetr qaza qənaət edilməsinə imkan yarada bilər ki, bu da Azərbaycanın “mavi qaz” ixracının artmasına və ölkəyə daha çox valyutanın gəlməsinə imkan yaradacaq.

Bu kontekstdən, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi qaz ixracının artırılması vasitəsi ilə Azərbaycana daha çox valyutanın daxil olmasına imkan yarada bilər".

Vasif ƏLİHÜSEYN