Qanun dəyişir: Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq

 09:38 07.07.2025     176

"Milli Məclisdə “Dövlət borcu” haqqında Qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olundu. Dəyişikliklərə əsasən dövlət büdcəsindən verilən büdcə ssudalar geri qaytarıla bilməyəndə borc Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılnacaq. Yəni, bu borclar geri qaytarıla bilməyəndə onun büdcə hesabına ödənilməsi nəzərdə tutulur".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O, daha sonra qeyd edib ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.

"Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır.

Yeni dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaqdır", - deyə Vüqar Bayramov əlavə edib.

T.İSMAYIL