"Ərzaq təhlükəsizliyi və neftdən asılılığımız həll olunması vacib sayılan məsələlərdir" - İqtisadçı

 14:24 09.07.2025     168

"Ölkəmiz enerji resurslarına bağlı, yəni bu sahədə dünya bazarlarında qiymətlərdən asılı iqtisadiyyata sahibdir".

Bu fikirləri Redaktor.az-a Azərbaycanın əsas iqtisadi risklərindən bəhs edən iqtisadçı ekspert Pərviz Heydərov bildirdi. Onun sözlərinə görə, bu gün ölkədə makroiqtisadi sabitlikdir və bu, ən çox dərəcədə geosiyasi amillərə və qlobal bazarlardakı vəziyyətə bağlıdır:

"İxracımızın 90% hissəsini neft və qaz məhsulları təşkil edir, dövlət gəlirlərimiz bunlardan asılıdır. Həmçinin, daxili bazarımız da bir sıra mühüm ən zəruri istehlak mallarından asılı vəziyyətdədir. Məsələn, ərzaqlıq buğda sarıdan ölkəmiz idxalsız keçinə bilməz. Bütün bu qeyd olunanlar da təbii olaraq müəyyən risklər formalaşdırır, yaradır. Məsələn, ölkəmiz üçün hər şeydən öncə neftin məhz dövlət büdcəmizdə fiksə etdiyimiz qiymətdən aşağı ola biləcəyi faktoru ciddi təhdid və təhlükə xarakteri daşıyır. Hansı ki, bunun da son həddi 50 ABŞ dolları və bundan aşağı sayılır. Dövlət büdcəmiz üzrə cari xərclər əgər ən azı 70-80 % qeyri-neft-qaz sektorundan əldə edilən gəlirlər hesabına təmin olunardısa, onda dünya bazarlarında qiymət rəqsləri ölkəmiz üçün ümumiyyətlə heç bir əhəmiyət kəsb edə bilməzdi. Demək istədiyim budur ki, yəni bu cür faktorlar vardır. Ümumiyyətlə, ərzaq təhlükəsizliyi və neftdən asılılığımız həll olunması vacib sayılan məsələlərdir".

Müsahibimiz dövlətimizin bu riskləri necə idarə etdiyindən də danışdı.

"Ölkə iqtisadiyyatının təhlükəsizliyinin təmin olunması hökumətin əsas prioritetlərinə daxildir. Təbii ii, ölkədən kənar prosesləri biz idarə etmək gücü xaricindəyik. Ancaq kənar təsir və təzyiqləri minimallaşdırmaq bütün istiqamətlərdə əsas strateji məqsəd daşıyır. Buna görə də Azərbaycan hökuməti çox ehtiyatlı siyasət yürüdür. Bu, özünü xarici dövlət borcunun səviyyəsində, Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasında, milli valyutanın məzənnəsinin sabit saxlanılmasında, ölkənin valyuta ehtiyatlarının durmadan artmasında və sairədə göstərir", - deyə P.Heydərov bildirdi.

Nuriyyə NATİQQIZI