"ABŞ-nin tətbiq edəcəyi sanksiyalar Rusiyaya cüzi təsir göstərəcək"

Bildiyimiz kimi, ABŞ artıq Rusiyaya üz döndərib və yeni sanksiyalar tətbiq edir.
Ümumilikdə ABŞ və Avropa İttifaqının sanksiyaları Rusiyanın iqtisadiyyatını çökdürə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirdi ki, ABŞ artıq bir neçə müddətdir ki, sülh, birlik, bərabərlik çərçivəsində bir sıra ölkələrə həmçinin nəhəng iqtisadiyyata malik ölkələrə səslənir:
"Dəfələrlə səslənən çağırışlara, tətbiq olunacaq sanksiyalara rəğmən hələ də bitərəf qalan ölkələr var. ABŞ maliyyə naziri son çıxışında hətta tarif tətbiqi ilə bağlı da çıxış etdi. Rusiya iqtisadiyyatının tənəzzülə uğraması və ölkələrin ticarət əməkdaşlığından geri çəkilməsinə qaldıqda isə düşünmürəm ki, iqtisadi cəhətdən çətinlik yaransın. İstər iqtisadi böhran, istərsə də müharibə şəraitində vətəndaşların layiqli təminatını ölkə olaraq təkbaşına təmin edib".
İqtisadçı qeyd etdi ki, hal-hazırda ABŞ-nin tətbiq edəcəyi sanksiya, iqtisadiyyata müdaxilə, SWIFT hesablarının dondurulması, milli valyutasının dəyərsizləşdirilməsi Rusiyaya cüzi təsir göstərir.
"İlk növbədə onu qeyd edim ki, Rusiya idxaldan asılı deyil, yerli istehsal və müəssisələr kifayət qədərdir. Həmçinin də xarici ölkələrdən olduqca böyük sayda işçi qüvvəsi var, istehsal etdikləri istənilən məhsul keyfiyyətinə görə təkcə Cənubi Qafqazda deyil, dünyada rəqabət qabiliyyətlidir. Bundan əlavə ərazi vahidi, yeraltı yerüstü təbii ehtiyatları var. Neft, qaz, uran, nikkel ixrac edir. Rusiyanın ixrac əməliyyatları təkcə ABŞ və Avropa ölkələri ilə məhdudlaşmır. Onun üçün də iqtisadiyyatına tətbiq olunan maneələr cüzi təsir göstərə bilər və ya qısa müddətli durğunluq yarana bilər", - deyə Günay Hüseynova bildirdi.
Xədicə BAXIŞLI