"Kənd Təsərrüfatı Nazirliyi fəaliyyətini təkmilləşdirməlidir" - İqtisadçı

 17:23 10.07.2025     111

Kənd təsərrüfatı hər bir ölkənin iqtisadiyyatında mühüm yer tutur. Xüsusilə də kənd təsərrüfatı ilə məşğul olan əhalinin güzəranı və regionların inkişafı bu sahənin nə dərəcədə səmərəli təşkil olunmasından asılıdır. Təəssüf ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra ciddi problemlər qalmaqdadır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Asif İbrahimov bildirdi ki, ümumiyyətlə, kənd təsərrüfatının iqtisadi potensialı zəifdir.

"Bu məsələ olduqca aktualdır. Kəndlinin bir sıra bölgələrdə müxtəlif problemləri mövcuddur. Su çatışmazlığı, keyfiyyətli toxumun olmaması, taxıl əkinindən sonra biçin zamanı texnika problemi və s. bu kimi çətinliklər kəndlini çətin vəziyyətdə qoyur. Məsələn, ərik kəndlidən 50-60 qəpiyə alınır, amma bazarda 5-6 manata satılır. Eyni vəziyyət gilas üçün də keçərlidir, kəndlidən 2 manata alınan məhsul bazarda 12 manata təklif olunur. Təbii ki, məhsulun yekun qiymətinə onun yetişdirilməsi və bazara çatdırılması üçün çəkilən xərclər təsir edir. Amma nəticədə kəndli bazardakı qiymətdən qat-qat az qazanır. Bu istiqamətdə ciddi işlər aparılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi bu sahədə fəaliyyətini təkmilləşdirməli, kəndlinin məhsulunu birbaşa böyük şəhərlərdə satması üçün yaradılmış qurumun fəaliyyəti daha da genişləndirilməlidir", - deyə iqtisadçı vurğuladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən