"Əgər faiz dərəcələri yüksəkdirsə, insanlar kredit götürməsinlər" - İqtisadçı

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı son məlumatlara görə, ölkədə kreditlər üzrə orta faiz dərəcəsi 13,65%-ə çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,91 faiz bəndi çoxdur. Həmin dövrdə cəlb olunmuş vəsaitlərin dəyəri 12,74%-i ötməmişdi.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirdi ki, banklar müəyyən qiymətləndirmə çərçivəsində kredit verir və əhalinin də tələbatı artır:
“Bazarda hər şeyin qiyməti artdıqca, kreditə ehtiyac da çoxalır. Vətəndaş mənzil almaq istəyir, lakin pulu çatmadığı üçün məcbur olub bankdan kredit götürür. Krediti isə gəliri olmayan şəxsə vermirlər. Banklar kredit verərkən vətəndaşların borc-gəlir nisbətinə baxırlar. Son zamanlar banklar müştərinin maliyyə davranışına əsasən də kredit təklif edirlər. Belə ki, kart ödənişləri və ƏDV çekləri əsasında rəsmi gəlir tələb olunmadan da kredit verə bilirlər”.
O, daha sonra dedi ki, əgər faiz dərəcələri yüksəkdirsə, insanlar kredit götürməsinlər.
"Çıxış yolu budur. Kredit verən qurumlar heç kimi məcbur etmir ki, gedib kredit götürsün. İnsanlar gərək gəlirlərinə və ciblərinə uyğun davransınlar. Hal-hazırda maliyyə sektoru üçün ciddi problem yoxdur. Dövləti və Mərkəzi Bankı narahat edəcək bir məqam müşahidə olunmur. İstehlak kreditlərinin artması bank sektoru üçün müsbət haldır. Düzdür, problemli kreditlərin faizi artsa da, hələlik təhlükəli səviyyədə deyil", – deyə iqtisadçı çıxış yollarından danışarkən qeyd etdi.
Nuriyyə NATİQQIZI