Azərbaycana xarici ölkələrdən mövsümi işçi cəlb olunması qaçılmaz ola bilər - SƏBƏB

Bu il Azərbaycanda kartofçuluqda məhsuldarlığın azalması müşahidə olunur. Fermerlər də bildirirlər ki, məhsuldarlıqla bağlı da geriləmə müşahidə olunur.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi ki, məsələyə daha ətraflı yanaşdıqda, ilkin səbəbin işçi qüvvəsinin çatışmazlığı olduğu görünür:
"Regionlarda əsasən bitkiçilik və heyvandarlıqla yaşlı nəslin nümayəndələri məşğul olur. Gənc nəsil isə bu sahəyə maraq göstərmir. Digər tərəfdən, kartof zəhmət tələb edən məhsuldur və onun becərilməsi asan deyil. Bu səbəbdən də kənd təsərrüfatı məhsulları artıq daha çox ailənin şəxsi tələbatını ödəmək məqsədilə əkilir, satış və genişmiqyaslı istehsal isə azalır.
Yaşlı nəslin bu sahədəki fəaliyyəti də müəyyən çətinliklərlə üz-üzədir. Belə ki, 35 yaşdan yuxarı insanlar üçün iş tapmaq çətindir, eyni zamanda onlar hələ təqaüd yaşına çatmayıblar. Təqaüdə çıxanların isə pensiyası aylıq tələbatlarını tam qarşılamır. Bu da onların kənd təsərrüfatı ilə aktiv məşğul olmalarını çətinləşdirir. Hazırda ölkədə kartof sahələrinin azaldığı, daxili istehsalın bazar tələbatını ödəmədiyi qeyd olunur".
İqtisadçı hesab edir ki, mövcud tendensiya davam edərsə, bir neçə ildən sonra Azərbaycanda da digər ölkələrdə olduğu kimi, mövsümi xarici işçi qüvvəsinin, məsələn, Suriya və Əfqanıstan kimi ölkələrdən cəlb olunması qaçılmaz ola bilər:
"Digər bir məsələ isə insanların “öz işinin sahibi” olmaq istəməməsidir. Şəhər mühitində insanlar daha çox 8 saatlıq iş rejimini üstün tuturlar və fiziki əməkdən yayınmağa çalışırlar. Kartofun istehsalında toxumluq məhsulun qiymətləri də böyük rol oynayır. Bu sahədə tənzimləməyə ciddi ehtiyac var. Məhsulun maya dəyərinin aşağı olması üçün toxumluq materialın qiyməti uyğun səviyyədə olmalıdır ki, bazarda da satış qiyməti əlçatan olsun. Hazırda isə istər yerli, istərsə də idxal olunan toxum azad bazar prinsiplərinə uyğun olaraq istənilən qiymətə satılır. Əgər fermerlər sistemli şəkildə qeydiyyata alınsa və dövlət tərəfindən toxum satışı standartlaşdırılsa, bu kimi halların qarşısı müəyyən qədər alına bilər".
G.Hüseynova qeyd etdi ki, kartof “ikinci çörək” sayılır.
"Əsasən aztəminatlı və orta təbəqənin tələbat məhsulu olduğundan onun qiyməti mühüm sosial əhəmiyyət daşıyır. Əvvəlki illərlə müqayisədə alıcılıq qabiliyyətini ölçmək üçün insanlar minimum əmək haqqını kartofun 1 kiloqram satış qiymətinə bölməklə müqayisə aparırlar.
İdxal olunan toxum və ya kartof məhsuluna gəldikdə isə hər torpağın öz məhsulu olduğu unudulmamalıdır. İdxal məhsullar yerli məhsullar qədər təbii və keyfiyyətli olmaya bilər. Onların yetişdirilməsi üçün bəzən tərkibi bəlli olmayan preparatlar istifadə olunur ki, bu da məhsulun keyfiyyətinə və insan sağlamlığına təsir edə bilər" , - deyə o vurğuladı.
Xədicə BAXIŞLI