"Azərbaycan istənilən vaxt xarici borcunu tam şəkildə ödəyə biləcək potensiala malikdir" - Deputat

"Xarici borcun Ümumi Daxili Məhsuldakı (ÜDM) payına görə Azərbaycan dünyada ən yaxşı göstəricilərə malik ilk on ölkə sırasında yer alır. Bu, ölkənin iqtisadi sabitliyini və təhlükəsizlik strategiyasının uğurlu həyata keçirildiyini göstərən mühüm amillərdəndir. Son illərdə həm dövlət rezervlərinin artması, həm də xarici borcun effektiv şəkildə tənzimlənməsi, bu istiqamətdə məqsədyönlü siyasətin aparıldığını təsdiqləyir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Prezident İlham Əliyevin "biz güclü ölkəyik, güclü iqtisadiyyatımız var, kim bizi tənqid edir, onların məhz xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" fikirlərini şərh edərkən bildirdi.
Deputatın sözlərinə görə, hazırda Azərbaycanın dövlət rezervləri 75 milyard ABŞ dollarına yaxınlaşır.
"Bu, iqtisadiyyatda gözlənilməz risklərə qarşı bir növ “təhlükəsizlik yastığı” rolunu oynayır. Eyni zamanda nəzərə almaq lazımdır ki, ÜDM-də də artım tempi qorunub saxlanılıb. Belə ki, 2024-cü ildə iqtisadi artım 4.1% təşkil edib və bu, əvvəlcədən proqnozlaşdırılandan daha yüksək nəticədir.
Bu kontekstdə xarici borcun idarə olunması siyasəti davam etdirilir. Nəticə etibarilə, borcun ÜDM-dəki payı tənzimlənmiş və qənaətbəxş səviyyədə saxlanılır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan istənilən vaxt heç bir maliyyə çətinliyi çəkmədən xarici borcunu tam şəkildə ödəyə biləcək potensiala malikdir.
Lakin hazırkı mərhələdə prioritetlərə xarici borcun azalmasından daha çox dövlət rezervlərinin artırılması və beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığın qorunub saxlanılması daxildir. Bu, Azərbaycanın həm iqtisadi sabitliyini, həm də beynəlxalq nüfuzunu gücləndirən əsas faktorlar sırasındadır. Nəticə etibarilə, ölkəmiz xarici borcun ÜDM-dəki payı baxımından iqtisadi təhlükəsizliyini uğurla təmin edən və bunu davamlı şəkildə gücləndirən dövlətlərdən biridir", - deyə Vüqar Bayramov qeyd etdi.
Xədicə BAXIŞLI