Qarabağa xarici turist və investor axını gözlənilir - İqtisadçı AÇIQLADI

 22:02 22.07.2025     91

2025-ci il iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirdi ki, bu qərar gözlənilən idi.

"Sadəcə, Qarabağ bölgəsi işğaldan azad edildikdən sonra müəyyən quruculuq işlərinə ehtiyac var idi. Həmçinin, həm yerli turistlərin, həm də xarici vətəndaşların təhlükəsizliyini qorumaq məqsədilə müəyyən işlər və tədbirlər görülürdü. Bu səbəbdən proses bir qədər ləngimişdi.

Artıq yeni qərara əsasən, Azərbaycanda 90 gün yaşamaq icazəsinə malik olan xarici ölkə vətəndaşları portaldan qeydiyyatdan keçməklə işğaldan azad edilmiş ərazilərə səfər edə bilərlər. Əslində, bölgənin inkişafı, xarici turistlərin cəlb edilməsi, investisiyaların yatırılması və bu kimi iqtisadi səmərəliliyin əldə olunması məqsədilə bu qərar gözlənilən idi.

Sadəcə, qeyd etdiyimiz kimi, müəyyən səbəblərdən asılı olaraq bu proses bir qədər ləngimişdi. İqtisadiyyatın inkişafına gəldikdə isə, təbii ki, həmin bölgəyə qoyulan vəsaitdən kapital əldə etməyimiz üçün bu qərarın qəbul olunmasını müsbət addım kimi qeyd etmək olar.

Bu, yalnız xarici turistlərin səfəri ilə yekunlaşmayacaq, həm də gələcəkdə xarici investorların cəlb edilməsi baxımından Qarabağ və ümumilikdə Azərbaycan iqtisadiyyatına investisiyaların yönəldilməsi üçün faydalı olacaq". - deyə iqtisadçı vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən