Daşınmaz əmlak bazarında bahalaşma: səbəblər və gözləntilər - Ekspertdən AÇIQLAMA

Son illər ərzində Azərbaycanda, xüsusilə də Bakı və Abşeron yarımadasında daşınmaz əmlak bazarında nəzərəçarpacaq qiymət artımları müşahidə olunur.
Bəs artıma səbəb olan amillər nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirdi ki, son 3 ildə daşınmaz əmlakın bütün seqmentləri üzrə həm ölkəmizdə, həm də xüsusilə Bakı şəhərində və Abşeron yarımadasında qiymətlər artır:
"Bu artımın səbəbləri ilk növbədə Rusiya və Ukrayna arasında müharibə başlayandan sonra inşaat materiallarının qiymətlərinin bahalaşması və işçi qüvvəsinin əməkhaqqısının yüksəlməsi ilə bağlıdır. Bakı şəhərinin Baş Planı qəbul olunduqdan sonra normativlərə əməl olunması və buna görə də layihələrə əlavə tikinti icazəsinin verilməməsi bir çox hallarda əvvəllər müəyyən torpaq sahəsində 30-35 min kvadratmetr tikinti aparmaq mümkün olan layihələrin yerini 10-15 min kvadratmetrlik layihələrin almasına səbəb olub. Bu da xərcləri artırıb, gəlirləri azaltdığı üçün sahibkarlara təsir göstərib. Əvvəl bir qiymətə 1 kvadratmetr təklif edilirdisə, indi daha yüksək qiymətlərlə təklif olunur. Hesablaşmaların rəsmiləşdirilməsi və nağdsız hesablaşmaların aparılması, əlavə gəlir vergisinin ödənilməsi, sahibkarların ƏDV vergisinə cəlb olunması və qlobal maliyyə böhranının ölkə iqtisadiyyatına təsiri, eyni zamanda Azərbaycan iqtisadiyyatının böyüməsi və dövlətin iqtisadi inkişafı da bu proseslərə öz təsirini göstərmişdir. Beynəlxalq aləmdə baş verən bahalaşmalar da istər-istəməz yerli bazara təsirsiz ötüşmür".
Sədr qeyd etdi ki, Arxitektura və Şəhərsalma Komitəsi və Fövqəladə Hallar Nazirliyinin birgə iştirakı ilə söküntü prosesinə start verilib:
"197 bina yararsız hesab olunaraq artıq sökülməkdədir. Bu prosesin özü də bazara təsir göstərir. Bütün bu amillərin fövqündə dayanan əsas məsələ isə daşınmaz əmlakın ölkəmizdə artıq biznes xarakteri almasıdır".
Onun sözlərinə görə, qiymət bazarına təsir göstərən təbii amillər də mövcuddur.
"Demoqrafik dəyişikliklər, yəni ölkə əhalisinin sayının artması və torpaq sahələrinin azalması daşınmaz əmlaka olan ehtiyacı daha da artırır. Hər il qiymətlər təqribən 10-15 faiz artır, lakin bu il qiymətlərin daha çox artacağı proqnozlaşdırılır.
Regionların inkişaf proqramları nəticəsində daşınmaz əmlaka maraq artıb və xüsusilə torpaq sahələrinin qiymətləri ötən dövrlə müqayisədə elə yerlərdə 50-70 faiz civarında bahalaşıb. Regionlarda layihələr "MEQA" tərəfindən həyata keçirilir ki, bu da daşınmaz əmlak bazarını aktivləşdirən istiqamət kimi qiymətləndirilməlidir. İşğaldan azad olunan ərazilərdə turizmin inkişafı da regionlarımıza olan marağı artırıb",- deyə sonda V.Oruc vurğuladı.
Nuriyyə NATİQQIZI