Azərbaycan qazı Ukraynada: Enerji əməkdaşlığında yeni səhifə

Ukrayna ilk dəfə Azərbaycandan qaz almağa başlayıb. “Naftogaz” qrupuna daxil olan şirkət ilk dəfə Azərbaycan qazının alınması ilə bağlı SOCAR Group-un Ukraynadakı törəmə şirkəti – “SOCAR Energy Ukraine” ilə müqavilə imzalayıb.
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a danışan politoloq Əli Mustafa bildirdi ki, Azərbaycanın qazının Ukraynaya satılmasına dair müqavilənin imzalanması yeni və strateji əhəmiyyət daşıyan hadisədir:
"Əvvəllər Ukrayna əsasən Rusiyadan qaz alırdı və bu asılılıq Rusiya-Ukrayna müharibəsində ciddi təsir göstərirdi. Eyni zamanda, Rusiya qazının Ukrayna ərazisi vasitəsilə Avropaya ötürülməsi məsələsi vəziyyəti daha da mürəkkəbləşdirirdi. Yəni bir tərəfdən müharibə aparan Rusiya ilə, digər tərəfdən enerji asılılığı olan Ukrayna arasında çətin balans yaranmışdı. Azərbaycan qazının Ukraynaya satılması bu ölkənin Rusiyadan enerji baxımından asılılığını azaltmağa yönəlmiş mühüm addımdır. Düzdür, ilkin mərhələdə ixrac olunan qaz həcmi o qədər də böyük deyil. Lakin gələcəkdə bu miqdarın artacağı istisna edilmir. Bu isə Ukraynanın tədricən Rusiya qazından tamamilə imtina etməsi demək ola bilər".
Politoloqun fikrincə, bu addım Azərbaycanın Avropaya qaz tədarükü siyasətinin genişləndirilməsinin göstəricisidir. Onun sözlərinə görə, hazırda Rusiya qazının Avropa bazarından sıxışdırıldığı bir dövrdə yaranan boşluğun məhz Azərbaycan tərəfindən doldurulması həm iqtisadi, həm də siyasi baxımdan önəmlidir:
"Ukraynaya qaz ixracı kifayət qədər cəsarətli qərardır. Bu addım bir növ siyasi mesaj, demarş olaraq da dəyərləndirilə bilər. Ümumilikdə, bu vəziyyət Azərbaycanın müstəqil xarici siyasət kursunun tərkib hissəsidir. Azərbaycanın bu təşəbbüsü postsovet məkanında Rusiyaya qarşı mövqe tutan dövlətlər arasında iqtisadi, xüsusilə də enerji sahəsində əməkdaşlığın nümunəsi kimi də qiymətləndirilə bilər. Yəqin ki, beynəlxalq ictimaiyyət də bu addımı müsbət qarşılayacaq. Rusiyaya gəldikdə isə, artıq mövcud reallıqları qəbul etməyə məcburdur. Çünki Moskva enerji bazarlarında əvvəlki mövqelərini tədricən itirir. Belə bir şəraitdə həmin boşluğun Azərbaycanın iştirakı ilə doldurulması, Rusiyanın öz maraqları baxımından da daha məqbul görünə bilər. Çünki bu sahədə Rusiya üçün seçim imkanları sürətlə azalır və bazarların itirilməsi artıq faktiki gerçəklikdir".
Nuriyyə NATİQQIZI