"İran iqtisadiyyatında baş verənlərin Azərbaycan iqtisadiyyatına müsbət təsiri ola bilər"

 18:00 30.07.2025     219

"İranda hökm sürən sosial gərginlik ilk növbədə ölkənin daxili iqtisadiyyatına təsir göstərdiyi kimi, xarici ticarət əlaqələrinə də mənfi təsirini göstərir. Ümumi problemin geosiyasi səbəbdən qaynaqlandığı görünsə də, məsələnin əsas tərəfi odur ki, yaşananlar tamamilə iqtisadi səbəblərlə bağlıdır. İlk növbədə Qərbin və Avropanın iqtisadi sanksiyaları və təzyiqləri ölkənin iqtisadi strukturunda çətinliklərin yaranmasına səbəb olub".

Bu fikirləri Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova İranda baş verən iqtisadi geriləmədən danışarkən bildirdi.

"İran İslam Respublikasının dövlət büdcəsinin əsas hissəsi neftdən gələn gəlirlər hesabınadır. Tətbiq olunan sanksiyalar, etirazlar və çıxışlar, neft qiymətlərinin düşməsi, ticarət tərəfdaşların partnyor dəyişməsi, həmçinin siyasi, sosial və iqtisadi problemi olan ölkədən tərəfdaşların uzaqlaşması İran iqtisadiyyatını daha da böhrana sürükləyir. Bütün bunların nəticəsidir ki, milli valyutası dəyər itirir, inflyasiya səviyyəsi yüksəlir.

İran və iqtisadi baxımdan onunla eyni səviyyədə olan, neft sektorundan asılı ölkələrdə bu kimi geosiyasi və iqtisadi çətinliklər dövründə hökumət müəyyən vasitələrlə qabaqlayıcı tədbirlər görür. Qeyri-neft sektoru inkişaf etməyən, xarici ticarət əlaqələri yetərincə formalaşmamış ölkənin hal-hazırda görə biləcəyi tədbir müəyyən güzəştlər tətbiq edib, qısa müddətdə iqtisadiyyatı dirçəltmək, tranzit gəlir və yığımlar vasitəsilə ölkə iqtisadiyyatını bərpa etməkdir".

İqtisadçı əlavə etdi ki, İran iqtisadiyyatında baş verənlərin Azərbaycan iqtisadiyyatı üçün müəyyən müsbət tərəflər daşıya bilər.

"İlk növbədə beynəlxalq ticarətdə investorlar və ticarət tərəfdaşları siyasi sabitliyi olan və iqtisadi inkişaf səviyyəsi yüksək ölkələrlə tərəfdaşlıq etməyə üstünlük verirlər. İrandakı məlum hadisələr ticarət tərəfdaşları ölkəmizə çəkə, tranzit əməkdaşlıq edən ölkələri Azərbaycana yönəldə bilər.

İki ölkə arasında iqtisadi əlaqələrə gəldikdə isə, İranla ticarətimiz elə də yüksək səviyyədə deyil, idxalda asılılığımız yoxdur, həmçinin Azərbaycan bazarı üçün alternativlər mövcuddur. Bundan əlavə, quru sərhədləri bağlı olduğu üçün sıravi vətəndaşlar tərəfindən alış-veriş də hal-hazırda baş vermir. Əgər sərhədlər açılsa və İran valyutası bu sürətlə zəifləməyə davam edərsə, İranla ticarət Azərbaycan alıcısının maraq dairəsinə daxil ola bilər. Lakin hal-hazırda bu gözlənilmir", - Günay Hüseynova bildirdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən